SOCAR Green və yeni enerji modeli: 2035 hədəfi açıqlanıb

SOCAR Green və yeni enerji modeli: 2035 hədəfi açıqlanıb

BİZNES
162

SOCAR 2035-ci ilədək transformasiya strategiyası çərçivəsində balanslaşdırılmış enerji şirkətinə çevrilməyi hədəfləyir.

Fins.az xəbər verir ki, bu barədə Əfqan İsayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı istiqamətində son illərdə mühüm addımlar atılıb və bu sahəyə dövlət dəstəyi davamlı olaraq gücləndirilir. Ə.İsayev qeyd edib ki, əvvəlki illərdə investisiya təşviqi sənədləri çərçivəsində müəyyən vergi güzəştləri tətbiq olunurdu, yeni qanunvericilik isə bu güzəştlərin müddətini 7 ildən 30 ilə qədər uzadıb. Bu dəyişikliklər bərpa olunan enerji layihələrinin maliyyə dayanıqlığını əhəmiyyətli dərəcədə artırır.

SOCAR rəsmisi vurğulayıb ki, iri enerji layihələrinin həyata keçirilməsində hökumətlərarası sazişlər mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr bu modelin uğurlu nümunəsidir və eyni yanaşma bərpa olunan enerji layihələrinə də tətbiq oluna bilər.

Ə.İsayev bildirib ki, SOCAR 2023-cü ildə dekarbonizasiya və inkişaf strategiyasına yenidən baxıb və əsas məqsəd 2035-ci ilə qədər yalnız neft-qaz şirkəti deyil, həm də aşağı karbonlu fəaliyyətləri əhatə edən balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməkdir.

Onun sözlərinə görə, yeni strategiya üç əsas istiqaməti əhatə edir: əsas fəaliyyətlərin dekarbonizasiyası, təşkilati transformasiya və bərpa olunan enerji sahəsinə investisiyaların artırılması.

SOCAR vitse-prezidenti qeyd edib ki, şirkət metan emissiyalarının azaldılması istiqamətində artıq mühüm nəticələr əldə edib və təşkilati transformasiya mərhələsi tamamlanıb.

O əlavə edib ki, bərpa olunan enerji sahəsində beynəlxalq təcrübənin sürətlə mənimsənilməsi üçün SOCAR qlobal enerji şirkətləri ilə əməkdaşlığa üstünlük verir. Bu məqsədlə 2024-cü ilin martında SOCAR Green yaradılıb.

Ə.İsayevin sözlərinə görə, Masdar, bp, China Energy və PowerChina kimi tərəfdaşlarla əməkdaşlıq SOCAR-ın bərpa olunan enerji və enerji saxlama sistemləri üzrə imkanlarını sürətlə genişləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR Green və yeni enerji modeli: 2035 hədəfi açıqlanıb — Fins.az — Fins.az