SOCAR və GOGC arasında yeni enerji razılaşmaları imzalanıb

SOCAR və GOGC arasında yeni enerji razılaşmaları imzalanıb

BİZNES
206

Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və nəqliyyat bağlantıları sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində yeni sazişlər paketi imzalayıb. Sənədlərin imzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə keçirilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imzalanan sənədlər iki ölkənin strateji tərəfdaşlığını bir daha təsdiqləməklə yanaşı, Azərbaycanın və Gürcüstanın regional bağlantı mərkəzi kimi rolunun gücləndirilməsinə xidmət edir.

Tərəflər çıxışlarında mövcud əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, xüsusilə enerji dəhlizləri və nəqliyyat-logistika şəbəkələrinin inkişafının regional və beynəlxalq əhəmiyyət daşıdığını qeyd ediblər.

İmzalanmış sənədlər paketinə Gürcüstana təbii qaz təchizatı, Azərbaycan qazının beynəlxalq bazarlara tranzitlə əlavə ötürülməsi üzrə razılaşmaların davamı, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti ilə bağlı hökumətlərarası sazişlər daxildir.

Bundan əlavə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi çərçivəsində modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu da rəsmiləşdirilib. Tərəflər həmçinin müvafiq dəmir yolu infrastrukturunun idarə olunmasının “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsi barədə razılığa gəliblər.

Enerji əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsi, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastruktur üzrə əməliyyat şərtlərini müəyyən edən Əsas Şərtlər imzalanıb.

Tərəflər həmçinin 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq enerji sahəsində bağlanacaq əsas kommersiya şərtlərinin müəyyən ediləcəyi yeni müqavilələrin hazırlanacağını açıqlayıblar.

Nəqliyyat sahəsində isə 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpası barədə razılıq əldə olunub. Bu addım regional bağlantının gücləndirilməsi və sərnişin daşımalarının bərpası baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...