
SOCAR BTC kəmərinin idarəçiliyini 1 iyuldan etibarən qəbul edir
Fins.az - bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında SOCAR-a dair mühüm prosesin davam etdiyini bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi müəyyən edilmiş qrafikə uyğun şəkildə irəliləyir. Kristofoli qeyd edib ki, müqavilə üzrə öhdəliyin icra tarixi 1 iyuldur və tərəflər bu tarixə tam uyğun fəaliyyət göstərir.
O vurğulayıb ki, bu dəyişiklik bp-nin layihədən çıxması demək deyil, yalnız operatorluq funksiyasının ötürülməsi ilə bağlı müqavilə öhdəliyinin icrasıdır. Onun sözlərinə görə, SOCAR-ın kəməri idarə etməsi üçün lazımi texniki imkanlar və təcrübə mövcuddur və hazırlıq işləri əvvəlcədən aparılıb.
bp rəsmisi əlavə edib ki, investisiya qərarları neft qiymətlərindəki qısamüddətli dalğalanmalara əsaslanmır. Şirkət kapitalın idarə olunmasında sabit və intizamlı yanaşma tətbiq edir və qərarlar ilin əvvəlində müəyyən edilən qiymət mühitinə uyğun qəbul olunur.
Kristofoli həmçinin Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri ilə bağlı proseslərin də davam etdiyini və bu istiqamətdə işlərin icra olunduğunu qeyd edib.