
SOCAR “Bahar” və “Qum-Dəniz” yataqlarında yeni inkişaf mərhələsinə başlayır
SOCAR “Bahar” və “Qum-Dəniz” yataqlarının yeni inkişaf mərhələsinə keçdiyini açıqlayıb.
Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, neft-qaz sənayesində texnoloji yeniliklər hasilatın səmərəliliyini artırmaq və yetkin yataqlarda yeni imkanlar yaratmaq baxımından həlledici rol oynayır.
Babək Hüseynov qeyd edib ki, hazırda sənayedə uzadılmış məsafəli quyular, çoxbudaqlı (multilateral) tamamlanmalar, süni intellekt, qabaqcıl seysmik görüntüləmə və rəqəmsal rezervuar idarəetməsi kimi texnologiyalar geniş tətbiq olunur.
SOCAR rəsmisi bildirib ki, xüsusilə yetkin yataqlarda, o cümlədən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində bu texnologiyaların daha geniş tətbiqi üçün imkanlar mövcuddur. Onun sözlərinə görə, operatorlarla əməkdaşlıq nəticəsində AÇG-də artıq horizontal və ilk dəfə multilateral quyular tətbiq olunub.
“Bu yanaşma mövcud yataqlarda yeni hasilat imkanları yaradır və rezervuara çıxışı genişləndirir”, – deyə o qeyd edib.
SOCAR vitse-prezidenti “Bahar” yatağına xüsusi diqqət çəkərək bildirib ki, uzun illər azalan hasilatla xarakterizə olunan bu sahədə yeni inkişaf mərhələsi başlayıb.
Onun sözlərinə görə, SLB şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılan yeni rezervuar modelləşdirilməsi yatağın böyük potensialını ortaya çıxarıb.
Babək Hüseynov əlavə edib ki, Bakı artıq region üçün mühüm enerji və mühəndislik mərkəzinə çevrilməkdədir. Burada toplanan texniki təcrübə və insan kapitalı beynəlxalq layihələrdə də daha geniş istifadə oluna bilər.
SOCAR rəsmisi həmçinin bildirib ki, şirkət beynəlxalq neft və qaz layihələrində iştirakını genişləndirir və bu, həm texnologiya transferi, həm də portfelin diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, gələcəkdə enerji sektoru yalnız yeni yataqlardan deyil, həm də mövcud aktivlərin “ağıllı idarə edilməsi” və rəqəmsal texnologiyaların tətbiqindən daha çox dəyər yaradacaq.
Babək Hüseynov sonda qeyd edib ki, Azərbaycan qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməkdə davam edir.