
SOCAR Azərbaycanda geoloji kəşfiyyat işlərini sürətləndirir
Fins.az - SOCAR Azərbaycanda geoloji kəşfiyyat fəaliyyətlərinin sürətləndirilməsi istiqamətində yeni mərhələyə keçid planlarını açıqlayıb. Şirkətin vitse-prezidenti Arzu Cavadovanın sözlərinə görə, layihələr risk və xərclərin optimallaşdırılması prinsipi ilə qiymətləndirilir və onların bir qismi tərəfdaşlarla birgə həyata keçirilir.
SOCAR-ın strategiyası çərçivəsində geoloji tədqiqatlar üç əsas istiqamətdə aparılır: quruda, Orta Xəzərin akvatoriyasında və Xəzərin cənub hissəsində. Quruda əsas diqqət Şamaxı–Qobustan və Yevlax–Ağcabədi zonalarına yönəlib.
Şirkət həmçinin Xəzərin ofşor hissəsində daha dərin geoloji qatların, o cümlədən preproduktiv seriyanın öyrənilməsini prioritet hesab edir. Bir sıra layihələr artıq qazma mərhələsinə hazırlıq mərhələsindədir.
SOCAR nümayəndəsinin sözlərinə görə, şirkət geologiya və yeraltı tədqiqatlar üzrə ixtisaslaşmış komandaların formalaşdırılmasını, eləcə də yeni analitik alətlərin və məlumat emalı texnologiyalarının tətbiqini gücləndirib. Bu yanaşma daha dəqiq kəşfiyyat nəticələri əldə etməyə və yeni ehtiyatların aşkarlanmasına imkan yaradır.