
SOCAR ABŞ şirkətləri ilə Xəzər və quruda neft-qaz layihələrini inkişaf etdirir - Rövşən Nəcəf
Azərbaycan Xəzər dənizindəki dəniz yataqları ilə paralel olaraq quruda qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə başlayıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında bildirib.
Nəcəf qeyd edib ki, ABŞ şirkətləri layihənin təbii tərəfdaşlarıdır və SOCAR artıq ExxonMobil ilə əməkdaşlığa başlayıb. O əlavə edib ki, şirkət ABŞ-da hasilat layihələrində iştirak etməkdə maraqlıdır və potensial satınalmalarla bağlı bir neçə tərəfdaşla aktiv danışıqlar aparır.
Prezident vurğulayıb ki, neft-qaz sənayesi innovativ texnologiya və müasir həllərə ehtiyac duyur, SOCAR isə Amerika şirkətlərini strateji tərəfdaş hesab edir. “Biz karbohidrogen yataqlarımızı davamlı şəkildə inkişaf etdirməyə və işimizi daha səmərəli, aşağı maliyyətlə həyata keçirməyə açığıq”, – deyə Nəcəf bildirib.
Fuad Mədətov
Fins.az