
Smart Agro və startap zonası yeni imkanlar yaradacaq - Anar Cəfərov
5–8 may tarixlərində Bakıda regionun ən böyük aqrar və qida sənayesi platformalarından biri olan “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək. Tədbir çərçivəsində əsas prioritet beynəlxalq əməkdaşlığın genişləndirilməsi, aqrar və qida sənayesi sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi və innovativ yanaşmaların təşviqidir.
Sərgilərə müxtəlif ölkələrdən nazirlərin və nazirliklərin tabeliyindəki qurumların nümayəndələrinin qatılması gözlənilir.
Fins.az xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, forum çərçivəsində ilk dəfə olaraq xarici ölkələrin aqrar sahəyə cavabdeh nazirlərinin birgə iştirakı ilə ayrıca konfransın təşkili nəzərdə tutulur.
“Əvvəldən bu istiqamətdə geniş müzakirələr aparılıb. Nazirlik səviyyəsində strateji yanaşmalar çərçivəsində dünyada kənd təsərrüfatı sahəsində baş verən tendensiyalar daim araşdırılır. Bu məqsədlə əvvəlki illərdə təşkil olunan beynəlxalq kənd təsərrüfatı sərgiləri və forumlar vasitəsilə xarici təcrübələrin öyrənilməsi, emal sənayesinin inkişafı, bölgələrdə müxtəlif məhsul istehsalının təşviqi və fermerlərin rifahının yüksəldilməsi kimi prioritetlər diqqətdə saxlanılıb.
Son illərdə həyata keçirilən biznes festivalları və sərgilər ölkənin müxtəlif bölgələrində təşkil olunaraq yekun mərhələdə beynəlxalq platformada ümumiləşdirilib. Bu tədbirlər çərçivəsində səslənən əsas tezislər və əldə olunan nəticələr beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan yaradıb”, – deyə A.Cəfərov bildirib.
O qeyd edib ki, aqrar sahədə gənclərin fəallığının artırılması da əsas istiqamətlərdən biridir:
“Gənclər üçün təlimlər, ustad dərsləri və beynəlxalq təcrübə proqramları təşkil olunur. Məqsəd həm yerli aqrar sektorun inkişafı, həm də beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılmasıdır”.
Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkilati dəstək alır və 45 ölkədən 447 şirkətin iştirakı ilə keçiriləcək. Tədbir çərçivəsində milli pavilyonlar, “Smart Agro” innovasiya bölməsi, startap zonası və geniş işgüzar proqram da nəzərdə tutulur.


