
Sənədsiz evlər problemi niyə həll olunmur? - Millət vəkili
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün Ombudsmanın illik hesabatı zamanı cəmiyyəti narahat edən bir sıra problemləri qaldırıb və müvafiq qurumlara müraciətlər edib.
Millət vəkili Bakı şəhərinin müxtəlif ərazilərində, Abşeron rayonunda özbaşına tikilən, lakin dövlət qeydiyyatına alınmayan evlər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmadığını bildirib. O deyib ki, sözügedən problem minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır:
“Bununla bağlı hər ay xeyli vətəndaş müraciəti alırıq. Həmin evlərin çoxu maddi imkanları zəif, gəlirləri az olan ailələrə məxsusdur. Bu problemin həllini tapması minlərlə ailəni narahatlıqdan xilas edə bilər”.
Prezident İlham Əliyevin bu cür ailələrə dəstək məqsədilə problemin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verdiyini vurğulayan Qənirə Paşayeva Ombudsmanın məruzəsində də öz əksini tapan bu məsələnin qısa zamanda həll olunması üçün müvafiq dövlət qurumlarına çağırış edib. O bildirib ki, bu problemin həlli minlərlə vətəndaşla yanaşı, dövlətimiz üçün də çox önəmlidir.
(c)axar