Sahibkarların dövlət tərəfindən dəstəklənməsi bundan sonra da davam etdiriləcək

Sahibkarların dövlət tərəfindən dəstəklənməsi bundan sonra da davam etdiriləcək

BİZNES
1,183

Mikro və fərdi sahibkarlıq subyektlərinə, o cümlədən muzdla işləyənlərə dövlət yardımının həyata keçirilməsinə başlanılır. Təsdiq olunmuş qaydalara əsasən istər kiçik, orta və iri müəssisələrdə çalışan muzdlu işçilər, istərsə də mikro və fərdi sahibkarlar bu yardımdan faydalana biləcəklər.

Xatırladım ki, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasının ən çox təsir etdiyi 20 fəaliyyət sahəsi müəyyənləşib. Bunlar 4 sektoru əhatə edir. Həmin fəaliyyət sahələrində çalışan sahibkarlar və muzdlu işçilər də dövlət yardımı almaq imkanına malikdirlər. Birinci istiqamət üzrə orta və iri müəssisələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılması qərara alınıb. Bu zaman həmin müəssisələrdə əməkhaqqı məbləği və ya orta aylıq əməkhaqqı əsas kimi götürülüb. Nəzərə alsaq ki, yanvarda orta aylıq əməkhaqqı 712 manat idi, onda bu, o deməkdir ki, əgər müəssisədə çalışanların orta aylıq əməkhaqqı həmin məmləğdən azdırsa, deməli bütün vəsait dövlət tərəfindən ödəniləcək. Məsələn, hər hansı bir sahibkarlıq subyektində çalışan işçinin əməkhaqqı 650 manatdır və pandemiya dövründə dövlət həmin məbləğin ödənilməsi üçün sahibkara vəsait ayıracaq. Məqsəd isə sahibkarlıq subyektinin işçilərini ixtisar etməməsi və onların əməkhaqqını ödəməsi ilə bağlıdır. Əgər əməkhaqqı 712 manatdan çoxdursa, yəni 800 manatdırsa, onun 712 manatı dövlət tərəfindən ödəniləcək.

Bundan başqa, mikro və fərdi sahibkarlar üçün də yardım həyata keçiriləcək. Belə ki, mikro sahibkarlar üçün minimum 250 manat, maksimum 5 min manat vəsaitin ödənilməsi nəzərdə tutulub. Əgər mikro sahibkarın əvvəlki ildə ödədiyi məcburi ödənişlərin məbləği 250 manata çatmırsa, o zaman sahibkar 250 manat ödəniş alacaq. Ödədiyi məcburi öhdəliklərin məbləği çoxdursa, o zaman həmin məbləğə uyğun olaraq 5 min manatadək yardım ala biləcək. Ödənişlər hər bir müəssisənin bank hesabına ödəniləcək.

Yeri gəlmişkən, hər bir sahibkar elektron vergi səhifəsinə daxil olaraq ödənişlər və sektorlarla bağlı məlumat əldə edə biləcək. Belə şərait isə sahibkarlara bütün məlumatları elektron əldə etməyə və yardımı bank hesabı vasitəsilə almağa imkan verəcək. Bu da şəffaflığın qorunması baxımından mühüm önəm daşıyır. Eyni zamanda, sahibkarlara vergi güzəştlərinin təklif olunması da nəzərdə tutulur. Bunlar çox sayda vergi güzəştləridir. Başqa sözlə, burada sadələşmiş vergi subyektləri üçün müddətli güzəştlər, əmlak, torpaq vergisindən, mənfəət və gəlir vergisindən, habelə əlavə dəyər vergisindən güzəştlər nəzərdə tutulur.

Ərzaq və tibbi preparatların istehsalı üçün idxal olunan xammalın vergidən azad edilməsi, eyni zamanda, həm birbaşa yardım, həm təşviqedici vergi güzəştlərinin tətbiqi də qərara alınıb.

Təklif edilən paket koronavirusun sahibkarlara təsirini minimumlaşdırmaqla yanaşı, strateji olaraq postkoronavirus dövründə sahibkarların dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutur.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarların dövlət tərəfindən dəstəklənməsi bundan sonra da davam etdiriləcək — Fins.az — Fins.az