
“Şahdəniz” yatağından hasilat 271 milyard kubmetrə yaxınlaşıb - bp
bp şirkəti ABŞ tərəfindən Azərbaycanın “Şahdəniz” qaz yatağında İranın NICO və Rusiyanın LUKOIL şirkətləri ilə birlikdə fəaliyyətini davam etdirməyə imkan verən xüsusi lisenziyanın müddətinin uzadıldığını təsdiqləyib.
Fins.az xəbər verir ki, “bp Azerbaijan” şirkətindən bildirilib ki, şirkət bütün fəaliyyətində tətbiq olunan qanunvericilik və beynəlxalq sanksiya rejimlərinin tələblərinə riayət etməyə çalışır.
Şirkətin açıqlamasında qeyd olunub ki, sözügedən lisenziyaların müddəti uzadılıb və “Şahdəniz” layihəsində əməliyyatlar sanksiya tələblərinə tam uyğun şəkildə davam etdirilir.
Məlumata görə, bp ABŞ sanksiyaları altında olan Rusiya və İran tərəfdaşları ilə birlikdə layihədə iştirak etdiyindən, Vaşinqton tərəfindən xüsusi lisenziya təqdim olunur. Həmin icazənin müddəti yenidən uzadılıb.
Qeyd edək ki, əvvəlki lisenziyanın müddəti aprel ayında başa çatmışdı. Yeni lisenziyanın hansı dövrü əhatə etdiyi barədə isə məlumat açıqlanmayıb.
“Şahdəniz” layihəsində iştirak payları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%) olmaqla bölüşdürülüb.
bp-nin açıqladığı məlumatlara əsasən, yatağın istismara verildiyi 2006-cı ildən 2026-cı ilin birinci rübünün sonuna qədər “Şahdəniz”dən ümumilikdə 271 milyard kubmetrə yaxın qaz və 53 milyon ton kondensat hasil olunub.
2026-cı ilin birinci rübündə “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından təxminən 7 milyard standart kubmetr qaz və 1 milyon tonadək, yaxud təxminən 7 milyon barel kondensat hasil edilib. Bu göstəricilər 2025-ci ilin eyni dövrünün səviyyəsində qalıb.
Hazırda “Şahdəniz” yatağının istehsal gücü sutkada təxminən 74,2 milyon standart kubmetr qaz, illik ifadədə isə təxminən 27,1 milyard kubmetr təşkil edir.