
Şahdəniz yatağında istismardan bəri qaz hasilatının həcmi açıqlanıb
“Şahdəniz” qaz-kondensat yatağının 2006-cı ildə istismara verildiyi vaxtdan 2026-cı ilin birinci rübünün sonunadək bu yataqdan təxminən 271 milyard kubmetr qaz hasil edilib.
Fins.az-ın bp-yə istinadən verdiyi məlumata görə, qeyd olunan dövrdə yataqda təxminən 53 milyon ton kondensat istehsal olunub.
2026-cı ilin ilk üç ayında “Şahdəniz” yatağından, ümumilikdə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton, yəni 7 milyon barel kondensat hasil edilib. Bildirilib ki, qaz və kondensat hasilatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə sabit qalıb.
Məlumata əsasən, hazırda “Şahdəniz” yatağının mövcud istehsal gücü sutkada təxminən 74,2 milyon standart kubmetr qaz, illik ifadədə isə təxminən 27,1 milyard kubmetr təşkil edir.
Layihə üzrə iştirak payları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NICO (10,00%) və MVM (5,00%) şirkətləri arasında bölünüb.