
Rusiyadan Azərbaycana 17 milyon dollarlıq neft məhsulları idxal edilib
Bu ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana 16,990 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 42,287 min ton xam neft və neft məhsulları idxal edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə ciddi azalma nümayiş etdirib. Dəyər ifadəsində 99,693 milyon ABŞ dolları və ya 6,9 dəfə, həcm baxımından isə 187,175 min ton və ya 5,4 dəfə azalma qeydə alınıb.
Məlumata əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycan bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsullarını yalnız Rusiyadan idxal edib.
Eyni dövrdə Azərbaycanın xarici ölkələrə neft məhsulları ixracı da azalıb. Belə ki, yanvar-fevral aylarında 21 ölkəyə 3,600 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 1,704 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 969 milyon ABŞ dolları və ya 36,2%, həcmi isə 1,178 milyon ton və ya 24,7% azalıb.