Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub

Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub

BİZNES
301

Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub.

Bu barədə Fİns.az-a Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva bildirib.

Onun sözlərinə görə, Rəşad Şəkərov Böyük Britaniya ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edərək, klubun müxtəlif layihələrini idarə edəcək, habelə B2G və B2B forumlar, biznes-turlar, dəyirmi masalar, “CEO Breakfast” və “CEO Lunch” kimi tədbirlər təşkil edəcək.

Rəşad Şəkərov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan və Böyük Britaniya sahibkarları arasında networking-in genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edilməsində səylərini əsirgəməyəcək. 

Rəşad Şəkərov, 1979-cu ildə anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasından məzun olub. 2013-2018-ci illərdə Londonda “Chartered Shipbrokers”   Institutunda təhsil alıb və həmin institutun fəxri üzvüdür.

2021-ci ildə “World Maritime Universiteti”nin, “Yüksək Dəniz İdarəçiliyi” ixtisasi üzrə aspirantura pilləsini bitirib. Hal-hazırda təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirir.

İş fəaliyyətinə 1998-ci ildə Caspian Shipping Company-də quru yük gəmiləri, tankerlər və bərələrdə 3-cü və 2-ci məmur vəzifələri ilə başlamışdır. 2004-cü ildə karyerasını İstanbulda yerləşən Golden Ocean Maritime Co. Ltd., daha sonra isə Azərbaycan Dövlət Dəniz Administrasiyasında pasport şöbəsinin müdiri vəzifəsində davam etdirmişdir.  2007-2017-ci illər arasında Rəşad Şəkərov Qazaxıstan,  AGT regionu, Əbu-Dabidə Caspian Mainport, Noble Denton, BP, DNG GL, Noble Denton Associates, Hyundai Engineering and Construction kimi şirkətlərdə işləmişdir.  2017-2018-ci illərdə Azerbaijan Marine and Engineering Consultants LTD. şirkətində direktor vəzifəsində çalışmışdır. 2018-ci ildə BLUE WATER SHIPPING şirkətinin Qazaxıstandakı “FUTURE GROWTH PROJECT (FGP) layihəsi üzrə İngiltərədən gələn gəmilərin qəbulu və beynəlxalq daşımalar üzrə superintendent (idarə edici rəhbər) vəzifəsində çalışmışdır. 2018-2019-cu illərdə “Caspian Marine Services B.V.” Azərbaycan filialının direktor müavini kimi fəaliyyət göstərmişdir. 2019-2021-ci illər ərzində Azerbaijan Caspian Shipping Company QSC-də layihələrin idarə edilməsi departament rəisi vəzifəsində çalışmışdır. 2021-ci ildən etibarən “Azerbaijan Maritime Engineering and Construction” MMC şirkətinin sahibi və eyni zamanda baş icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Fuad Mədətov
Fins.az

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəşad Şəkərov Caspian Energy Club United Kingdom-un sədri vəzifəsinə təyin olunub — Fins.az — Fins.az