
Rəqəmsal xidmətləri asanlaşdıran “evdeqal.az” saytı - NAZİRLİK İSTİFADƏYƏ VERDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “www.evdeqal.az” saytı istifadəyə verilib.
Fins.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayımlayıb
Məlumatda bildilir ki, saytın yaradılmasında əsas məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.
Qeyd edilir ki, məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bu nəzərə alınaraq “evdeqal.az” saytında istifadəçilərə “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.
Eyni zamanda saytda, həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlik onlayn öyrənmə imkanları diqqətə çatdırıldığı vurğulanır
Müəllif;Aynur Qəniyeva