
Qlobal mənzil böhranına qarşı yeni həllər WUF13-də müzakirə olunacaq
17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası mənzil təminatı sahəsində innovativ yanaşmaların təşviqi məqsədilə yeni komponent – Biznes və İnnovasiya Mərkəzini təqdim edəcək.
Fins.az xəbər verir ki, bu mərkəz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini – dəyər zəncirini əhatə edən praktik həlləri, icra mexanizmlərini və tərəfdaşlıq modellərini ön plana çıxaracaq.
Mərkəz WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək. Əsas diqqət innovasiya, investisiya və effektiv icra mexanizmlərinə yönəldiləcək.
Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədi mənzil təminatının real praktikada necə həyata keçirildiyini nümayiş etdirmək və tərəfdaşlar arasında səmərəli əməkdaşlıq platforması yaratmaqdır.
Proqram çərçivəsində innovativ mənzil təminatı və əsas xidmətlərin inkişafı üzrə həllər hazırlayan özəl sektor nümayəndələri və digər maraqlı tərəflər bir araya gətiriləcək.
Şəhərsalma üzrə dəyər zənciri və interaktiv sessiyalar
Mərkəzin səhnəsində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 interaktiv sessiya keçiriləcək. Bu sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının real layihələr və təcrübələr əsasında necə inkişaf etdirildiyi nümayiş olunacaq.
Tədbir özəl sektoru geniş spektrdə – böyük şirkətlərdən kiçik və orta bizneslərə, startaplara və biznes assosiasiyalarına qədər – bir araya gətirəcək. Eyni zamanda innovasiya, texnologiya və şəhərsalma problemlərinə yeni yanaşmaların təqdimatı nəzərdə tutulur.
Mərkəz şəhərlər, investorlar və praktik mütəxəssislər arasında bilik və təcrübə mübadiləsini gücləndirərək ideyaların icra yönümlü layihələrə çevrilməsinə töhfə verəcək.
Startap Pavilyonu və innovasiya dəstəyi
Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlər və gənc sahibkarlar üçün xüsusi Startap Pavilyonu da fəaliyyət göstərəcək.
Dünyanın 10 ölkəsindən seçilmiş 14 startap layihəsinin iştirakı ilə keçiriləcək bu pavilyonun məqsədi innovativ ideyaları dəstəkləmək və onların mənzil təminatı və şəhərsalma problemlərinin həllinə tətbiqini təşviq etməkdir.