Qlobal aqrar texnologiya bazarı 2025-ci ildə 25 mlrd. dollara çatıb

Qlobal aqrar texnologiya bazarı 2025-ci ildə 25 mlrd. dollara çatıb

BİZNES
260

Aqrar sektor qlobal miqyasda transformasiya olunan sistemə çevrilib və bu dəyişikliklərin mərkəzində texnologiya dayanır.

Fins.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda “Caspian Agro Week” çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, aqrar texnologiyalar bazarı sürətlə genişlənir və bu artım obyektiv iqtisadi zərurətdən irəli gəlir. Nazir müavini qeyd edib ki, 2025-ci ildə qlobal aqrar texnologiya bazarı 25 milyard dollara çatıb və proqnozlara əsasən növbəti 10 il ərzində bu rəqəm 75 milyard dollara yüksələcək.

S.Əsədov bildirib ki, dünya artan ərzaq tələbatı ilə üz-üzədir. Onun sözlərinə görə, BMT-nin proqnozlarına əsasən növbəti 25 ildə əvvəlki minilliklərdən daha çox ərzaq istehsalı tələb olunacaq.

“Lakin resursların məhdudluğu bu prosesi daha da çətinləşdirir və yalnız data əsaslı texnoloji həllər bu çağırışa cavab verə bilər”, – deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, aqrar sahədə uğurlu beynəlxalq təcrübələr mövcuddur. Onun sözlərinə görə, Hollandiya və İsrail kimi ölkələr kənd təsərrüfatını bilik və texnologiya üzərində quraraq qlobal liderə çevriliblər.

“Bu, göstərir ki, rəqabət üstünlüyü resursların həcmindən deyil, onların idarə olunmasından asılıdır”, – deyə S.Əsədov bildirib.

O əlavə edib ki, Azərbaycanda da aqrar sahənin rəqəmsal transformasiyası istiqamətində mühüm addımlar atılır və istehsaldan ixraca qədər bütün zəncirin rəqəmsal platformalar üzərindən idarə olunması aqrar ixrac potensialını artıracaq.

S.Əsədov həmçinin vurğulayıb ki, ölkədə rəqəmsal transformasiyanın institusional əsasları formalaşdırılır. Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının yaradılması bu prosesin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal aqrar texnologiya bazarı 2025-ci ildə 25 mlrd. dollara çatıb — Fins.az — Fins.az