Qiymətləndirmə sektorunda monopoliyalaşma riskləri müzakirə edilib - AQC

Qiymətləndirmə sektorunda monopoliyalaşma riskləri müzakirə edilib - AQC

BİZNES
224

Fins.az - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin geniştərkibli ümumi iclası keçirilib. İclasda ölkədə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli standartların hazırlanması və struktur islahatları ilə bağlı mühüm məsələlər ətraflı müzakirə olunub.

İclası giriş sözü ilə açan AQC İdarə Heyətinin sədri Vüqar Oruc gündəlikdə duran məsələlərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa Qiymətləndiricilər Palatasının ümumi yığıncağında müzakirə edilmədən dəyişikliklərlə bağlı irəli sürülən təkliflərinə toxunub.

İdarə Heyətinin üzvləri Azərbaycan Qiymətləndiricilər Palatasının 102 təsisçisinin və 200-ə yaxın üzvünün yer aldığı ümumi yığıncaqda müzakirəyə çıxarılmadan və rəsmi qərar qəbul edilmədən qanuna əlavə və dəyişikliklərlə bağlı irəli sürülən təkliflərdə yer alan bir sıra nüansların sərbəst bazar prinsiplərinə və peşəkar qiymətləndiricilərin maraqlarına zidd olduğunu bildiriblər. Natiqlər bu addımların sahənin inkişafına maneə törədə biləcəyini və bu səbəbdən yolverilməz olduğunu kəskin şəkildə diqqətə çatdırıblar. Bu təkliflərin hüquqi və institusional təsirlərinin sektorun inkişafına ciddi maneələr yaratdığı vurğulanıb. Bildirilib ki, hazırda Palata tərəfindən təklif olunan dəyişikliklərin böyük əksəriyyəti sektorun monopoliyaya alınması, bir qrup şirkətin inzibati rıçaqlarla qiymətləndirmə sistemini öz nəzarətinə götürməsi, həmçinin müstəqil qiymətləndiricilərin və şirkətlərin sıxışdırılaraq sektordan çıxarılmasına hesablanıb. Bu isə həm Azərbaycan Respublikasının Konstitusiyası, eyni zamanda beynəlxalq qanunvericiliklə ziddiyyət təşkil edir.

Bildirilib ki, məsələ ilə bağlı qiymətləndiricilərin hüquqlarının qorunması, eyni zamanda sektorun inkişafına dəstək məqsədilə Prezident Administrasiyası, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis, Palatanın özü və digər aidiyyəti qurumlara rəsmi müraciətlər olunacaq.

Eyni zamanda, AQC-nin qanuna dair öz alternativ dəyişiklik təklifləri və əsaslandırmaları nəzərdən keçirilib. Sonda aidiyyəti dövlət qurumlarına təqdim olunacaq vahid və qətiyyətli yekun mövqe müəyyən edilib.

Həmçinin qiymətləndirmə fəaliyyəti sahəsində alternativ özünüidarəetmə modelinin formalaşması üzrə konsepsiya təqdim olunub.

Tədbirdə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupu (TEGoVA) ilə əməkdaşlıq çərçivəsində görülən işlər və beynəlxalq iclasda AQC rəhbərliyinin iştirakının müsbət nəticələri barədə məlumat verilib. AQC-nin Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandumu, həmçinin qlobal tərəfdaşlarla əlaqələrinin gücləndirilməsi istiqamətində gələcək fəaliyyət planı təsdiqlənib.

Tədbirdə Milli Qiymətləndirmə Standartlarının hazırlanması prosesi barədə məlumat verilib. İşçi qruplarının hazırkı statusu barədə hesabatlar dinlənilib və növbəti mərhələlər üzrə konkret tapşırıqlar müəyyən edilib.

AQC-nin fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə iclasda mühüm kadr dəyişiklikləri səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Müvafiq olaraq İlham Bağırov AQC-nin Tikinti, Abadlıq və Köçürülmə Komissiyasının sədr müavini, Firdovsi Xəlilov AQC-nin Əmlak Bazarının Təhlili Departamentinin rəhbəri, Samir Nəsibov isə AQC-nin Bank Sektoru ilə İş üzrə Koordinatoru vəzifələrinə təsdiq ediliblər.

İclasın sonunda cari təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb, cəmiyyət üzvlərinin təklif və tövsiyələri dinlənilib, üzvlərə vəsiqələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qiymətləndirmə sektorunda monopoliyalaşma riskləri müzakirə edilib - AQC — Fins.az — Fins.az