
Qarabağda “yaşıl enerji” və rəqəmsal texnologiyalar əsaslı şəhər modeli inkişaf etdirilir
Azərbaycanda müasir, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı şəhərlərin yaradılmasına yönəlmiş genişmiqyaslı dövlət siyasəti həyata keçirilir.
Fins.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirdə deyib.
Deputat bildirib ki, bu strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası xüsusi yer tutur.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda innovasiyalar, “yaşıl enerji”, rəqəmsal texnologiyalar və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası formalaşdırılır.
“Bu, yalnız genişmiqyaslı tikinti prosesi deyil, həm də insan mühitinin, həyatın, mədəniyyətin və sosial ədalətin azad olunmuş torpaqlara qaytarılmasıdır”, — deyə F.Yıldırım vurğulayıb.
Deputat qeyd edib ki, dağlıq və ucqar regionların inkişafı xüsusi yanaşma tələb edir. O bildirib ki, Azərbaycan bu istiqamətdə sosial infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, ekoturizmin inkişafı və mədəni irsin qorunmasına yönəlmiş proqramlar həyata keçirir.
F.Yıldırım əlavə edib ki, müasir şəhərlər yalnız binalar və yollar deyil, həm də inklüziv mühit, əlçatan təhsil, ekoloji təhlükəsizlik və sosial dayanıqlılıq deməkdir.
Qeyd edək ki, Bakıda keçirilən WUF13 forumunda urbanizasiya, iqlim dayanıqlılığı, yaşıl şəhərsalma və dayanıqlı inkişaf məsələləri geniş müzakirə olunur.