
Qarabağ və Şərqi Zəngəzurda investisiya və “yaşıl enerji” layihələri genişlənir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasəti yalnız fiziki infrastrukturun qurulmasına deyil, həm də davamlı iqtisadi inkişafın və dayanıqlı məskunlaşmanın təmin edilməsinə yönəlib.
Fins.az xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və dayanıqlı məskunlaşmanın dəstəklənməsi məqsədilə investorlar və sahibkarlar üçün xüsusi iqtisadi stimullaşdırma mexanizmləri tətbiq olunur. Bu çərçivədə vergi və gömrük güzəştləri təqdim edilir, eyni zamanda güzəştli maliyyə alətləri və sadələşdirilmiş investisiya şərtləri yaradılıb.
Vahid Hacıyev bildirib ki, regionda investisiya mühitinin gücləndirilməsi məqsədilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı mühüm rol oynayır. Onun sözlərinə görə, Araz çayının yaxınlığında yerləşən sənaye zonası artıq regionun əsas investisiya mərkəzlərindən birinə çevrilib və burada 19 rezident şirkət, eləcə də 3 qeyri-rezident biznes subyekti fəaliyyət göstərir.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan olunub və bu status çərçivəsində bütün mümkün yaşıl enerji həllərinin tətbiqi həyata keçirilir. Xüsusilə su ehtiyatlarından enerji istehsalı genişləndirilir, Zəngilan rayonunda isə gücü 50 meqavat olan dörd su elektrik stansiyası fəaliyyət göstərir.
Onun sözlərinə görə, regionun günəş enerjisi potensialı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir və bu imkanlardan geniş istifadə olunur. Yaşayış evləri və ictimai binaların dam örtükləri günəş panelləri ilə təchiz edilir, bu isə həm enerji səmərəliliyini artırır, həm də dayanıqlı inkişafı dəstəkləyir.
Vahid Hacıyev əlavə edib ki, beynəlxalq enerji şirkətləri də bu potensialdan istifadə etməkdə maraqlıdır. Onun sözlərinə görə, bp şirkəti Cəbrayılda gücü 240 meqavat olan günəş elektrik stansiyasına investisiya yatırır, həmçinin daha iki xarici şirkət ümumi gücü 150 meqavat olan enerji layihələrinə sərmayə qoyur.
O vurğulayıb ki, alternativ enerji mənbələri artıq ümumi enerji şəbəkəsinə inteqrasiya olunur və gələcəkdə bu enerji yalnız yerli tələbatı ödəmək üçün deyil, həm də ixrac potensialı yaratmaq üçün kifayət edəcək.
Vahid Hacıyevin sözlərinə görə, Azərbaycanın münaqişədən sonrakı bərpa modeli yalnız fiziki yenidənqurma ilə məhdudlaşmır və əsas məqsəd insanların tam müstəqil və dayanıqlı şəkildə yaşaya biləcəyi icmaların formalaşdırılmasıdır.
O bildirib ki, bu strategiya qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq dörd əsas istiqamət üzərində qurulub: ağıllı planlaşdırma, yaşıl enerji, rəqəmsal həllər və iqtisadi inkişaf. Bu yanaşma əsasında bir-biri ilə əlaqəli müasir şəhər və kəndlər formalaşdırılır.
Onun fikrincə, Azərbaycanın bu təcrübəsi münaqişədən sonrakı bərpa və iqlimə davamlı regional inkişaf sahəsində qlobal müzakirələrə praktiki töhfə kimi çıxış edə bilər.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü də müxtəlif mövzularda müzakirələrlə davam edir. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.