
Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə yönəldilən vəsait açıqlanıb
Son 5 il ərzində Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə 14 milyard dollara yaxın vəsait yönəldilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” adlı tədbirdə məlumat verib.
Aydın Kərimov bildirib ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq prosesinə özəl sektorun da cəlb olunması istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, ayrılmış vəsaitin mühüm hissəsini özəl investisiyalar təşkil edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə əməkdaşlığı ilə Bakıda keçirilir.
Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub. Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər və tərəfdaş qurumlar şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparırlar.