Qarabağ və Şərqi Zəngəzur regional logistika mərkəzinə çevrilir - Vahid Hacıyev

Qarabağ və Şərqi Zəngəzur regional logistika mərkəzinə çevrilir - Vahid Hacıyev

BİZNES
217

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri Qarabağ və Şərqi Zəngəzuru regionun əsas nəqliyyat-logistika və iqtisadi inkişaf mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır.

Fins.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dirçəliş və urbisid: dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel müzakirəsində səsləndirib.

Onun sözlərinə görə, işğal dövründə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında şəhərlər, kəndlər və yaşayış məntəqələri tamamilə dağıdılıb. Vahid Hacıyev bildirib ki, bu dağıntılar yalnız binaların məhv edilməsi deyil, urban həyatın məqsədli şəkildə sıradan çıxarılması – urbisid idi.

Xüsusi nümayəndə qeyd edib ki, işğal nəticəsində bölgədə ekoloji dağıntılar, mədəni irsin məhv edilməsi və geniş mina çirklənməsi də baş verib. Onun sözlərinə görə, minalar hazırda bölgənin qarşılaşdığı ən ciddi problemlərdən biri olaraq qalır.

Vahid Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilən və 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramının ilk mərhələsi artıq yekunlaşmaq üzrədir.

O bildirib ki, hazırda 80 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır və bölgədə aparılan yenidənqurma işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, “smart şəhər” və “smart kənd” konsepsiyaları bu transformasiya prosesinin əsas istiqamətlərindən biridir və məqsəd yalnız yaşayış evləri tikmək deyil, təhlükəsiz, dayanıqlı və komfortlu icmalar formalaşdırmaqdır.

Vahid Hacıyev əlavə edib ki, yaşayış məntəqələrinin planlaşdırılması zamanı məktəblər, səhiyyə xidmətləri, təmiz su təminatı, bərpa olunan enerji və məşğulluq imkanları əsas prioritetlər kimi nəzərə alınır.

Xüsusi nümayəndə regionun iqtisadi potensialının da böyük olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, kənd təsərrüfatı, mədən sənayesi, logistika, turizm və yaşıl enerji əsas inkişaf istiqamətləri hesab olunur.

O qeyd edib ki, azad edilmiş ərazilərdə investorlar üçün xüsusi vergi və gömrük güzəştləri tətbiq edilir və Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında artıq 19 rezident fəaliyyət göstərir.

Vahid Hacıyev həmçinin bildirib ki, Prezident İlham Əliyevin qərarı ilə Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub. Hazırda Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir, əlavə olaraq 100 meqavatlıq digər enerji layihələri və 45 meqavat gücündə beş su elektrik stansiyası həyata keçirilir.

O, Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını da vurğulayıb. Onun sözlərinə görə, bu dəhliz Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarını birləşdirən əsas logistika xəttinə çevriləcək.

Vahid Hacıyev qeyd edib ki, avtomobil və dəmir yolu layihələrinin böyük hissəsi artıq tamamlanıb, Araz çayı üzərində İranla bağlantını təmin edəcək körpünün tikintisi isə yekunlaşmaq üzrədir.

Onun fikrincə, həyata keçirilən layihələr regionda ticarətin, logistikanın, turizmin inkişafına və minlərlə yeni iş yerinin yaradılmasına ciddi təkan verəcək.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, dayanıqlı şəhərlər, yaşıl iqtisadiyyat, iqlim dayanıqlılığı və şəhər idarəçiliyi mövzularında müzakirələr davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzur regional logistika mərkəzinə çevrilir - Vahid Hacıyev — Fins.az — Fins.az