Ötən il qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalar əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov

Ötən il qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalar əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov

BİZNES
605

Fins.az - Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkənin iqtisadi gücü və strateji prioritetləri barədə məlumat verib.

Nazir bildirib ki, 2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və sülh gündəliyi üzrə irəliləyişlər baxımından əlamətdar olub. Strateji tərəfdaşlıq sənədləri investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar sahələrində qlobal dəyər zəncirlərinə inteqrasiyanı gücləndirib.

Qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib. 2021-2025-ci illərdə bu sektorda ÜDM-in orta illik real artımı 5,9% təşkil edib. Özəl sektorun vergi daxilolmalarında payı artaraq qeyri-neft-qaz daxilolmalarının 76%-ni təşkil edib. Nazir qeyd edib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1%, xarici mənbələrdən əsas kapitala investisiyalar isə 24% artıb.

Qeyri-neft-qaz sənayesində əlavə dəyər orta illik 8% artıb və sektoru ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə yüksəlib. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının payı isə 13%-ə çatıb.

Mikayıl Cabbarov vurğulayıb ki, makroiqtisadi sabitlik, əlverişli biznes mühiti və dövlət-özəl tərəfdaşlıq mexanizmləri investorlar üçün etibarlı mühit yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və iqtisadi zonalarda infrastruktur investisiya imkanlarını artırır.

Ölkənin kredit reytinqi “Fitch” və “Moody’s” tərəfindən investisiya dərəcəsinə yüksəldilib və proqnoz müvafiq olaraq “stabil” və “müsbət” qiymətləndirilib.

Nazir həmçinin yüksək texnologiyalara əsaslanan iqtisadi modelə keçid istiqamətində görülən işləri diqqətə çatdırıb. Artıq ölkədə superkompüter mərkəzi fəaliyyət göstərir, rəqəmsallaşma layihələri həyata keçirilir və insan resurslarının bilik və bacarıqları artırılır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalar əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov — Fins.az — Fins.az