Ötən il Azərbaycanda aqrar ixrac 1,3 milyard dollar olub - Vüqar Bayramov

Ötən il Azərbaycanda aqrar ixrac 1,3 milyard dollar olub - Vüqar Bayramov

BİZNES
355

Azərbaycan kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyalardan istifadəyə daha çox ehtiyac duyur.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə təqdim edib.

Deputat bildirib ki, işçi qüvvəsi çatışmazlığı süni intellektin kənd təsərrüfatında tətbiqinin əsas səbəblərindən biridir. İnkişaf etmiş ölkələrdə məşğul əhalinin kənd təsərrüfatında payı əksər hallarda 2 faizədəkdir. Müqayisə üçün, Rusiyada bu göstərici 5%, Polşada 6%, Qazaxıstanda 11%, Türkiyədə isə 14% təşkil edir.

Vüqar Bayramov qeyd edib ki, Niderlandda məşğul əhalinin yalnız 2%-i aqrar sektorda çalışsa da, ölkənin 2025-ci il üzrə aqrar ixracatı 137,5 milyard avro olub. Azərbaycanda isə məşğul əhalinin üçdə biri kənd təsərrüfatında işləyir, lakin 2025-ci il üzrə aqrar və aqrar-sənaye məhsullarının ixracı yalnız 1,3 milyard dollar təşkil edib.

Deputat vurğulayıb ki, Azərbaycanın istehsal və ixrac potensialını artırmaq üçün süni intellekt və rəqəmsal texnologiyalardan daha intensiv istifadə vacibdir. O əlavə edib ki, süni intellekt aqrar sektorda vasitədir və onun iqtisadi faydalarının konkret ölçülməsi zəruridir.

Qlobal səviyyədə süni intellektin kənd təsərrüfatında yaratdığı dəyər 4,7 milyard dollar, 2035-ci ilədək isə bu göstəricinin 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda isə hələ bu sahədə yaradılan dəyər ölçülmür.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycanda aqrar ixrac 1,3 milyard dollar olub - Vüqar Bayramov — Fins.az — Fins.az