Ötən il ABŞ-Azərbaycan ticarət həcmi 1,6 milyard dollara çatıb - Elnur Əliyev

Ötən il ABŞ-Azərbaycan ticarət həcmi 1,6 milyard dollara çatıb - Elnur Əliyev

BİZNES
299

Fins.az - Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş Ticarət və Biznes Konfransı keçirilib. Tədbirdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, enerji, texnologiya, infrastruktur və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Konfrans çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “HAIMAKER.AI Inc” şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistem yaratmaq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “HAIMAKER.AI Inc” şirkətinin baş icraçı direktoru Su Le imzalayıblar.

Elnur Əliyev bildirib ki, 200-dən çox Amerika şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. O vurğulayıb ki, ABŞ şirkətləri otuz il əvvəl Azərbaycanın enerji sektorunun inkişafında əsas rol oynayıb və indi əməkdaşlıq enerjidən texnologiyaya, infrastruktura, logistikaya və rəqəmsal transformasiyaya qədər genişlənir. Ötən il ikitərəfli ticarət təxminən 1,6 milyard dollar, ABŞ-ın Azərbaycana birbaşa investisiyaları isə 19 milyard dollar təşkil edib. Əliyev əlavə edib ki, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ölkələr arasında iqtisadi əməkdaşlığın uzunmüddətli institusional təməlini yaradır.

“HAIMAKER.AI Inc” ABŞ-ın San-Fransisko şəhərində fəaliyyət göstərən süni intellekt və rəqəmsal infrastruktur şirkətidir. Şirkətin platforması tərtibatçılara, bizneslərə və dövlət qurumlarına müxtəlif süni intellekt modellərindən vahid interfeys vasitəsilə istifadə etməyə və modellər arasında çevik keçid etməyə imkan verir, bu da Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək potensialına malikdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il ABŞ-Azərbaycan ticarət həcmi 1,6 milyard dollara çatıb - Elnur Əliyev — Fins.az — Fins.az