Naxçıvanda vergi və rüsum daxilolmaları artıb

Naxçıvanda vergi və rüsum daxilolmaları artıb

BİZNES
235

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında büdcə daxilolmalarının strukturunda yerli vergi, rüsum və yığımlar üzrə artım tendensiyası müşahidə olunub.

Fins.az-ın məlumatına görə, il ərzində cəmi vergi, rüsum və yığımlar 207,4 milyon manatlıq plana qarşı 290,6 milyon manat səviyyəsində icra edilərək 140 faiz nəticə göstərib.

Açıqlanan göstəricilərə əsasən, vergi orqanları üzrə daxilolmalar 192,0 milyon manat proqnoza qarşı 267,95 milyon manat təşkil edib və bu istiqamətdə plan 140 faiz yerinə yetirilib. Gömrük orqanları üzrə daxilolmalar isə 12,0 milyon manat nəzərdə tutulduğu halda 18,3 milyon manat olub ki, bu da 153 faiz icra deməkdir. Digər daxilolmalar da plan göstəricilərini üstələyib. Bununla yanaşı, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 2,6 milyon manat plana qarşı 2,5 milyon manat təşkil edərək 96 faiz səviyyəsində reallaşıb.

Məlumata görə, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya 285,7 milyon manat planlaşdırılsa da, faktiki icra 160,0 milyon manat olub və bu göstərici 56 faiz təşkil edib.

Hesabat ilində Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 505,2 milyon manatlıq plana qarşı 445,6 milyon manat icra olunaraq 88,2 faiz səviyyəsində yerinə yetirilib. Bu məbləğin 443,8 milyon manatı büdcə xərcləri, 1,8 milyon manatı isə büdcədənkənar xərclər hesabına formalaşıb.

Xərclərin iqtisadi təsnifatına nəzər saldıqda ən böyük payın əməyin ödənişi istiqamətinə aid olduğu görünür. Bu sahədə 318,3 milyon manat planlaşdırıldığı halda 304,1 milyon manat icra olunub və icra səviyyəsi 96 faiz təşkil edib. Əməyin ödənişi üzrə xərclər əvvəlki illə müqayisədə 6 faiz artıb.

Bundan əlavə, malların, işlərin və xidmətlərin satınalınmasına 80,5 milyon manat nəzərdə tutulduğu halda 66,3 milyon manat xərclənib ki, bu da 82 faiz icra deməkdir. Qeyri-maliyyə aktivləri üzrə xərclər isə 69,7 milyon manat plana qarşı 46,7 milyon manat təşkil edərək 67 faiz səviyyəsində yerinə yetirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda vergi və rüsum daxilolmaları artıb — Fins.az — Fins.az