Naxçıvanda investisiya layihələrinə 43 milyon manat yönəldilib

Naxçıvanda investisiya layihələrinə 43 milyon manat yönəldilib

BİZNES
260

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramı çərçivəsində ayrılmış vəsaitlərin böyük hissəsi icra olunub.

Fins.az-ın məlumatına görə, il ərzində ayrılan ümumi vəsaitin 43 milyon manatı, yəni 86 faizi xərclənib.

Məlumata əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün müxtəlif maliyyə mənbələri hesabına ümumilikdə 50,2 milyon manat vəsait cəlb olunub.

Bu vəsaitin strukturuna nəzər saldıqda, 27,5 milyon manatın Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrıldığı bildirilir. Bundan əlavə, 1 milyon manat Prezidentin 2025-ci il 22 may tarixli Sərəncamı ilə Ehtiyat Fondundan, 9,1 milyon manat Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 fevral tarixli Sərəncamı ilə avtomobil yollarının təmiri üçün nəzərdə tutulmuş vəsaitdən ayrılıb.

Həmçinin, 7,3 milyon manat Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 fevral tarixli qərarı ilə dövlət əsaslı vəsait qoyuluşu üçün yönəldilib. Digər mənbələr üzrə isə 3,7 milyon manat “Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan, 165 min manat isə Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fondundan təmin olunub.

Bildirilib ki, regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə 2025-ci il üzrə investisiya layihələri çərçivəsində genişmiqyaslı tədbirlərin icrası planlaşdırılıb. Ümumilikdə 30 infrastruktur və sosialyönümlü layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, bu layihələr iqtisadi potensialın gücləndirilməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, kommunal və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, həmçinin regionun investisiya cəlbediciliyinin yüksəldilməsinə yönəlib.

Eyni zamanda, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri çərçivəsində 22 milyon manat vəsait ayrılıb. Layihələrin icrası üzrə bağlanmış müqavilələr əsasında bu vəsaitin 99 faizi, yəni 21,8 milyon manatı istifadə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda investisiya layihələrinə 43 milyon manat yönəldilib — Fins.az — Fins.az