“Moody’s”: SGC sabit maliyyə göstəricilərini qoruyacaq

“Moody’s”: SGC sabit maliyyə göstəricilərini qoruyacaq

BİZNES
360

Cənub Qaz Dəhlizi “midstream” (qazın nəqli) seqmentinin artan payı hesabına yaxın illərdə də sabit maliyyə göstəriciləri və yüksək rentabellik nümayiş etdirməyə davam edəcək.

Fins.az xəbər verir ki, bu barədə “Moody's Ratings” beynəlxalq reytinq agentliyi açıqlama yayıb. Agentliyin qiymətləndirməsinə görə, neft və qaz kotirovkalarında müşahidə olunan hazırkı artım 2026-cı ildə şirkətin “upstream” (kəşfiyyat və hasilat) seqmentinin nəticələrinə əlavə dəstək verəcək.

“Moody's” bildirib ki, Şahdəniz yatağında hasilatın təbii azalması ilə bağlı uzunmüddətli risklər qismən həyata keçirilən investisiya proqramı hesabına kompensasiya olunur. Agentliyin proqnozuna əsasən, bu proqram 2029-cu ildən başlayaraq hasilat səviyyəsinin qorunmasına imkan yaradacaq. Eyni zamanda Azərbaycanın digər yataqlarından əldə edilə biləcək əlavə qaz həcmlərinin perspektivdə boru kəməri infrastrukturunun yüklənməsinin saxlanmasına töhfə verəcəyi gözlənilir.

Məlumata görə, SGC-nin maliyyə nəticələrinin yüksək gəlirliliyi və proqnozlaşdırıla bilməsi əsasən “midstream” seqmentinin sabit fəaliyyəti ilə bağlıdır. “Moody's”in hesablamalarına əsasən, 2025-ci ildə şirkətin EBITDA göstəricisinin təxminən 65 %-i məhz bu seqmentin payına düşüb.

Agentlik vurğulayır ki, qaz nəqli üzrə uzunmüddətli müqavilələr “ship-or-pay” müddəalarını, tarif indeksasiyasını və xərclərin kompensasiyası mexanizmlərini ehtiva edir. Bu isə müxtəlif xammal dövrlərində şirkətin maliyyə sabitliyinin qorunmasına imkan yaradır. Bununla yanaşı, “Şahdəniz” yatağından qaz tədarükünü tənzimləyən uzunmüddətli satış müqavilələri də “take-or-pay” öhdəliklərini özündə birləşdirərək tələb risklərini minimuma endirir.

Bununla belə, “Moody's” qeyd edir ki, SGC hələ də “upstream” fəaliyyət istiqaməti vasitəsilə xammal qiymətlərindəki dəyişikliklərə və əsas hasilat aktivindən asılılıq risklərinə məruz qalır.

Agentlik həmçinin bildirir ki, şirkətin sabit əməliyyat nəticələri balanslaşdırılmış investisiya ehtiyacları ilə tamamlanır və bu, maliyyə vəziyyətini daha da möhkəmləndirir. Sərbəst pul axınının artması və borc yükünün azalması nəticəsində “Moody's” tərəfindən düzəliş edilmiş borc/EBITDA əmsalı bir il əvvəlki “2,4x” göstəricisi ilə müqayisədə 2024-2025-ci illərdə “1,3x”ə qədər enib.

Proqnoza görə, 2026-cı ilin mart ayında planlaşdırılan 2 milyard ABŞ dolları həcmində avroistiqraz ödənişindən sonra bu göstərici 2026-2027-ci illərdə “1,0x”dən aşağı düşəcək.

“Moody's” belə qənaətə gəlib ki, SGC dividend siyasətinin yekun təsdiqindən sonra səhmdarlara dividend ödənişlərinə başlamağı planlaşdırır. Agentliyin qiymətləndirməsinə əsasən, dividendlərin illik pul axınlarının mühüm hissəsini əhatə etməsinə baxmayaraq, şirkət güclü maliyyə profilini və yüksək kredit göstəricilərini qoruyub saxlaya biləcək.

Açıqlamada qeyd olunur ki, SGC mövcud borc yükü səviyyəsində yüksək maliyyə dayanıqlılığı ehtiyatına və qısamüddətli faizli investisiyaları əhatə edən əhəmiyyətli nağd vəsait portfelinə malikdir. Borca xidmət xərclərinin aşağı səviyyədə qalması isə şirkətin yüksək likvidlik göstəricilərini dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Moody’s”: SGC sabit maliyyə göstəricilərini qoruyacaq — Fins.az — Fins.az