
Mikayıl Cabbarov müavinləri ilə brifinq keçirdi
Məlumat verildiyi kimi, koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-
epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin
zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə
fəaliyyətin bərpa olunmasına qərar verilib.
Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sahibkarlıq fəaliyyətində davamlılıq ən
vacib amildir. Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli
fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də,
davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri
ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin
27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin
yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə
bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi
gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru
üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir.
Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti
və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu
qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq.
Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda
maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər.
Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla
yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-
üzə qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan
qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus
pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının
alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət
nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən
çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları
məhdudlaşdırılıb. Vurğulanıb ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan
Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir.
Mikayıl Cabbarov bildirib ki, ilk növbədə sıx dövlət-vətəndaş həmrəyliyinə
söykənərək insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata
təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə
dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi,
həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin
hazırlamaq məqsədilə operativ addımlar atılır. Bu baxımdan, Prezident İlham Əliyevin
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm
bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq
subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci 19
mart tarixli Sərəncamı müstəsna əhəmiyyət kəsb edir.
Dövlət başçısının Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 4 aprel
2020-ci il tarixində təsdiq edilmış Tədbirlər Planında iqtisadiyyata, məşğulluğa və sosial
rifaha dəstək məqsədilə genişmiqyaslı tədbirlər əksini tapıb. Tədbirlər Planına uyğun
olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi
fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu
tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan
muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro
sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, pandemiyadan zərər çəkən
sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin
verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və
zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən
Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd
layihələri Milli Məclisə təqdim olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov virusun yayılmasının qarşısının alınmasının
mümkünlüyünü, bunun üçün isə hər bir vətəndaşın, hər bir sahibkarın bu prosesə öz
töhfəsini verməli və pandemiyaya qarşı mübarizənin ümumxalq xarakterini anlamalı
olduğunu vurğulayıb: “Biz birlikdə güclüyük!”
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.



