
Mənzil böhranı Bakıda müzakirə ediləcək — WUF13 başlayır
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.
Fins.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri və beynəlxalq nümayəndələri WUF13 çərçivəsində bir araya gətirir.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş forum dayanıqlı şəhər inkişafı ilə bağlı həllərin müzakirəsi, siyasət yanaşmalarının formalaşdırılması və qlobal fəaliyyətlərin sürətləndirilməsi üçün platforma yaradacaq.
WUF13 çərçivəsində milli hökumətlər, icmalar, mütəxəssislər və beynəlxalq tərəfdaşlar bir araya gələrək şəhərsalma sahəsində qlobal əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Proqram praktik və həll yönümlü platformalar, interaktiv görüş formatları və yüksək səviyyəli müzakirələr vasitəsilə qlobal siyasətin yerli təcrübələrlə əlaqələndirilməsini hədəfləyir.
Dialoqlar: qlobal mənzil gündəliyi
WUF13 proqramının əsas hissəsini təşkil edən yüksək səviyyəli dialoqlarda mənzil təminatı inklüzivlik, dayanıqlılıq və şəhər sistemləri ilə əlaqəli şəkildə müzakirə olunacaq. Bu çərçivədə aşağıdakı mövzular gündəmə gətiriləcək:
Qlobal mənzil böhranı və çıxış yolları
Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası
Böhran sonrası şəhərlərin bərpası
İqlim və mənzil siyasətinin əlaqəsi
Sosial və iqtisadi təsirlər
Mənzil maliyyələşdirilməsində yeni yanaşmalar
Müzakirələrin məqsədi qlobal problemlərin praktiki həll variantları ilə əlaqələndirilməsidir.
Xüsusi sessiyalar
Forum çərçivəsində iqlimə uyğunlaşma, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, inklüziv şəhər inkişafı və maliyyələşdirmə mexanizmləri kimi mövzulara həsr olunmuş xüsusi sessiyalar da təşkil olunacaq.
Sessiyalar müxtəlif regionların təcrübələrini, innovativ yanaşmalarını və tərəfdaşlıq imkanlarını nümayiş etdirəcək.
Assambleyalar və dəyirmi masalar
Assambleyalar yerli və regional hökumətlər, biznes dairələri, qadınlar, gənclər, parlament nümayəndələri və digər maraqlı tərəflər arasında dialoqu təşviq edəcək.
Dəyirmi masalar isə 12 istiqamət üzrə fəaliyyət yönümlü müzakirələri əhatə edəcək:
BMT strukturları
Yerli və regional hökumətlər
Biznes təşkilatları
Qadınlar və gənclər
Əlilliyi olan şəxslər
Akademik dairələr
Vətəndaş cəmiyyəti
Yerli xalqlar və digər qruplar
Forumun təşkilatçıları qeyd edib ki, WUF13 qlobal mənzil təminatı və dayanıqlı şəhər inkişafı üzrə mühüm beynəlxalq platforma olacaq.