
Masdar: Qaradağ SES daha yüksək istehsal gücünə malik olsa da, şəbəkə limitləri mövcuddur
Azərbaycanda kommunal miqyaslı ilk layihə olan “Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal imkanlarına hər hansı texniki məhdudiyyət tətbiq edilmir.
Fins.az xəbər verir ki, bu barədə “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, əsas məhdudiyyət stansiyanın istehsal gücü ilə bağlı deyil, elektrik enerjisinin şəbəkəyə ötürülməsi imkanları ilə əlaqədardır. O qeyd edib ki, “Qaradağ” Günəş Elektrik Stansiyası daha yüksək həcmdə enerji istehsal etmək potensialına malik olsa da, şəbəkə infrastrukturundakı limitlər səbəbindən bu enerjinin hamısını sistemə ötürmək mümkün olmur.
M.Sadıxov həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi fonunda bərpa olunan enerji layihələrində generasiyanın proqnozlaşdırılması əsas risklərdən birinə çevrilib. Onun sözlərinə görə, son aylarda müşahidə olunan güclü yağıntılar, dolu və digər ekstremal hava hadisələri bu sahədə yeni çağırışlar yaradıb.
O əlavə edib ki, “Qaradağ” Günəş Elektrik Stansiyası enerji yığım sistemi ilə təchiz olunmayıb, çünki layihə ilkin mərhələdə pilot layihə kimi icra edilib. Eyni yanaşma Biləsuvar və Neftçala günəş layihələrinə də aiddir.
“Masdar” rəsmisinin sözlərinə görə, gələcək mərhələdə enerji saxlama sistemlərinin tətbiqi gözlənilir və bu istiqamətdə dövlət tərəfindən addımlar atılır. O, Azərenerji batareya enerji saxlancı sistemi layihəsini nümunə kimi göstərərək, bu sistemlərin şəbəkədə tezliyin və elektrik axınlarının tənzimlənməsində mühüm rol oynadığını bildirib.
Ümumilikdə, onun fikrincə, “Qaradağ” layihəsinin ilk böyük günəş stansiyası olması bəzi şəbəkə problemlərindən yayınmağa imkan verib və hazırda bu çağırışlar stansiyanın fəaliyyətinə ciddi təsir göstərmir.