
Kəlbəcərdə geotermal enerji potensialının inkişafı üzrə işlər aparılır - SOCAR
Azad edilmiş ərazilərdə bərpa olunan enerji resurslarının inkişafı istiqamətində, xüsusilə geotermal enerji potensialının dəyərləndirilməsi üzrə işlər aparılır.
Fins.az xəbər verir ki, bu barədə Əfqan İsayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində məlumat verib.
Onun sözlərinə görə, xüsusilə Kəlbəcər rayonu geotermal enerji baxımından yüksək potensiala malik ərazilərdən biri kimi qiymətləndirilir və burada müvafiq layihələrin hazırlanması istiqamətində işlər davam etdirilir.
Ə.İsayev bildirib ki, geotermal enerji layihələrinin həyata keçirilməsi üçün Energetika Nazirliyinin dəstəyi ilə tənzimləyici çərçivənin formalaşdırılması və tarif mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Onun sözlərinə görə, bu sahəyə beynəlxalq investorların cəlbi üçün əlavə stimullaşdırıcı mexanizmlər də vacibdir.
Vitse-prezident qeyd edib ki, geotermal enerji layihələrinin inkişafı 2030-cu ilədək Sosial-İqtisadi İnkişaf Proqramına daxil edilib və bu, Azərbaycanın bərpa olunan enerji strategiyasında mühüm istiqamət kimi çıxış edir.
SOCAR rəsmisi həmçinin şirkətin elektrik enerjisinin beynəlxalq mübadiləsi ilə bağlı layihələrdə iştirak etməyə maraqlı olduğunu bildirib. Hazırda bu istiqamətdə aparılan texniki-iqtisadi əsaslandırma işlərinin nəticələri gözlənilir.
Ə.İsayev vurğulayıb ki, SOCAR-ın Gürcüstan Dəhlizi enerji layihələri, Türkiyə və digər ölkələrdəki fəaliyyəti şirkətə regional enerji inteqrasiyası baxımından əlavə imkanlar yaradır.
Onun sözlərinə görə, bu təcrübə gələcəkdə geotermal və digər bərpa olunan enerji layihələrinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcək.