IX Milli İnsan Resursları Forumunun əsas fokusunda: yeni reallığı anlamaq və strateji yanaşmalar

IX Milli İnsan Resursları Forumunun əsas fokusunda: yeni reallığı anlamaq və strateji yanaşmalar

BİZNES
335

"IX Milli İnsan Resursları Forumunda əsas fokusumuz yeni reallığı daha yaxşı anlamaq və ona uyğun daha çevik, daha insani və daha strateji yanaşmalar formalaşdırmaqdır."

“Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu keçiriləcək.

Forum insan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir araya gətirəcək və ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.

Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

- Rafiq bəy, forumun təşkilati işləri hazırda hansı mərhələdədir və proqramın icrası, spikerlərin dəvəti, iştirakçıların qeydiyyatı necə planlaşdırılıb?

- Hazırda forumun təşkilati işləri yekunlaşma mərhələsinə yaxınlaşır. Proqram üzərində uzun müddətdir işləyirik və məzmun baxımından kifayət qədər zəngin və praktik yönümlü bir axın formalaşdırmışıq. Spikerlərin böyük əksəriyyəti ilə razılıq əldə olunub; həm yerli, həm də beynəlxalq ekspertlərin iştirakı planlaşdırılır. İştirakçıların qeydiyyatı isə aktiv şəkildə davam edir və maraq gözlədiyimizdən yüksəkdir. Bu da göstərir ki, seçdiyimiz mövzular bazarın ehtiyaclarına uyğun hazırlanıb.

- “Facemark” olaraq illərdir HR sahəsində davamlı olaraq tədbir təşkil edirsiniz. Forumların inkişafı və HR sahəsinə töhfəsi barədə nə deyə bilərsiniz? Hər il yeni trendləri və çağırışları necə əhatə edirsiniz?

- HR sahəsində uzun illərdir davamlı tədbirlər təşkil etmək bizim üçün sadəcə ənənə deyil, həm də məsuliyyətdir. Forumların inkişafına baxdıqda görürük ki, hər il daha praktik yönümlü, real biznes problemlərinə toxunan və iştirakçılara dəyər qatan bir platformaya çevrilmişik. Mövzuları seçərkən çalışırıq ki, yalnız aktual deyil, eyni zamanda gələcəkdə HR sahəsini formalaşdıracaq istiqamətləri də əhatə etsin. Bu yanaşma forumları hər il daha faydalı və aktual edir.

- Gələcəkdə hansı yeni mövzularda forumlar və tədbirlər keçirməyi planlaşdırırsınız?

- Qarşıdakı dövr üçün daha fərqli və faydalı layihələr üzərində işləyirik. Məqsədimiz yalnız tədbir keçirmək deyil, iştirakçılara real dəyər qatan, peşəkar inkişaflarına təsir edən platformalar yaratmaqdır. Qarşıda bizi daha maraqlı, dinamik və faydalı layihələr gözləyir və hazırda bu istiqamətdə intensiv hazırlıq gedir.

Cabir Süleymanlı – MİRF layihə rəhbəri

- Bu ilki forumun konsept mesajında ‘Yeni reallıq’ deyirik. Bu mesaj nəyi ifadə edir və insan resursları sahəsində hansı yenilikləri ön plana çıxarır?

- “Yeni reallıq” son illərdə hamımızın içində olduğu, amma bəzən tam adlandıra bilmədiyimiz dəyişimi ifadə edir. Texnologiya sürətlə dəyişir, süni intellekt artıq həyatımızın bir parçasıdır. Dəyişən yalnız texnologiya deyil, həm də insanın özüdür. Yeni nəsil – yaşadığı mühit və texnologiya ilə böyüdüyü üçün fərqli düşünür, motivasiya və öyrənmə alışqanlıqları əvvəlki nəsillərdən fərqlidir.

Dünyada baş verən iqtisadi və siyasi proseslər, regionumuzdakı dəyişikliklər, əmək bazarındakı yeni dinamika da bu transformasiyanı sürətləndirir. Ən vacib məqam budur ki, artıq bu dəyişikliklər gündəlik iş həyatımızın reallığıdır. “Yeni reallıq” dedikdə məqsədimiz budur: şərtlər və oyun qaydaları dəyişib, HR olaraq bu dəyişikliklərə uyğunlaşmalı və yön verməliyik.

Bu səbəbdən forumda əsas fokusumuz – bu yeni reallığı daha yaxşı anlamaq və ona uyğun çevik, insani və strateji yanaşmalar formalaşdırmaqdır.

- Forumun ölkəmizdə 9-cu dəfə keçirilməsi nə dərəcədə əhəmiyyətlidir və peşəkarlar, şirkətlər üçün hansı yenilikləri təqdim edəcək?

- Forum 2015-ci ildən keçirilir və artıq formalaşmış, dayanıqlı bir platformadır. Burada iştirakçılar yalnız dinləməyə gəlmir; öz təcrübələrini göstərir, öyrənir, müqayisə edir və yeni insanlar tanıyırlar. HR mütəxəssisləri real təcrübələrini bölüşür və gündəlik işdə qarşılaşdıqları suallara cavablar tapırlar. Forumun 9-cu dəfə keçirilməsi sadəcə rəqəm deyil – bu, etimad və dəyər yaradan ekosistemin göstəricisidir.

- Forumun proqramı hansı əsas mövzular üzərində qurulub? İştirakçılar hansı yeni yanaşmalar və praktik həll yolları ilə tanış olacaq?

- Proqram üç əsas panel üzərində qurulub:

  1. Yeni reallıqda liderlik – Dəyişən mühitdə lider kimdir və necə olmalıdır? Klassik idarəetmə yanaşmaları kifayət etmir. Liderlik daha çevik, empatik və strateji olmalıdır.

  2. Yeni oyun qaydaları – Yeni nəsil, motivasiya mənbələri, öyrənmə və işləmə alışqanlıqları, iş mühitində formalaşan dinamika – yazılmamış, amma hiss edilən qaydalar.

  3. Yeni reallıqda insan – Mütəxəssis özünü necə fərqləndirə bilər? Hansı bacarıqlar artıq “olmasa olmaz” kateqoriyasına keçib? Bu paneldə fərdi səviyyədə uğur üçün nələr dəyişməlidir?

Məqsədimiz odur ki, iştirakçılar tədbirdən çıxanda yalnız yeni fikirlər yox, həm də konkret istiqamətlər əldə etsinlər.

Elgün Oruclu – “HR Option” şirkətinin həmtəsisçisi

- Bu il forumda hansı yeni yanaşmalar və innovativ formatlar təqdim olunacaq?

- Forum artıq ekosistem yaradan platformadır. Şirkətlər və fərdi şəxslər üçün həm qısa, həm də uzun müddətli müsbət dəyişikliklər üçün imkanlar təqdim edir. Təcrübəli HR əməkdaşları sosial mediada və əmək bazarında tanışlıqlar qurmaqla dəyərli fürsətlər əldə edirlər. Moderator və spikerlərin diqqətlə seçilməsi müzakirələrin əhəmiyyətini artırır.

- Hazırkı iş bazarında HR sahəsində hansı əsas trendlər və çağırışlar ön plana çıxır?

- Azərbaycanda və qlobal əmək bazarında əsas aktual mövzu süni intellekt (AI) və onun əmək bazarına inteqrasiyasıdır. Süni intellekt həlləri ən sürətlə HR sahəsini əvəz edə bilər. Yeni nəsil bu dəyişikliyə daha uyğundur, çünki informasiya bolluğu və qloballaşmış mədəniyyətə adaptasiya edirlər. HR əməkdaşları dəyişən həyat standartları, maddi tələblər və psixoloji fərqliliklər qarşısında düzgün davranma yollarını tapmalıdır.

- Forumun ‘Yeni reallıq’ konsepti HR sahəsində hansı dəyişiklikləri və adaptasiyaları ön plana çıxarır?

- Əsas istiqamətlər: düzgün hədəf kütləyə çıxış, əməkdaşlıq edilən korporativ mühitin diqqətinin cəlb olunması və vahid İnsan Resursları cəmiyyətinin formalaşdırılması. HR Option bu istiqamətləri dəstəkləyir və forumun yerli əmək bazarına beynəlxalq standartlarda töhfə verməsini təmin edir.

Tədbir haqqında ətraflı məlumat və bilet əldə etmək üçün www.mirf.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IX Milli İnsan Resursları Forumunun əsas fokusunda: yeni reallığı anlamaq və strateji yanaşmalar — Fins.az — Fins.az