
Halal iqtisadiyyat və startap ekosistemi Bakıda müzakirə olunacaq
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində Halal Biznes Forumu keçiriləcək. Tədbir biznes, investisiya və innovasiya sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Fins.az xəbər verir ki, bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupu İllik Toplantısına hazırlıq çərçivəsində keçirilən təqdimatda IsDB Qrupunun Biznes Forumunun (THIQAH) əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai məlumat verib.
Onun sözlərinə görə, THIQAH ilk dəfə olaraq Halal Biznes Forumunu təşkil edir və Azərbaycan bu sahədə regionun ən qabaqcıl ölkələrindən biri kimi qiymətləndirilir. Tədbir çərçivəsində AZPROMO və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıqda investisiyaların təşviqi agentliklərinin potensialının artırılmasına dair “vorkşop”un keçirilməsi də nəzərdə tutulur.
Bundan əlavə, proqramda startap müsabiqəsi və PSF sərgisi də yer alacaq. Tədbir çərçivəsində Bakıya beynəlxalq təşkilatlar, ticarət-sənaye palataları, investisiya təşviqi agentlikləri və biznes assosiasiyaları dəvət olunub. Artıq bir sıra iştirakçılar tərəfindən təsdiqlər alınıb.
Sahal Əl-Mərvai qeyd edib ki, sərgi bir neçə kateqoriyada təşkil ediləcək: üzv ölkələrin sərgisi, IsDB Qrupunun sərgisi və ev sahibi ölkənin sərgisi. Eyni zamanda, tərəfdaşların layihə və imkanlarını təqdim etməsi üçün ayrıca zona yaradılacaq.
Tədbir çərçivəsində B2B və B2G platforması da fəaliyyət göstərəcək və işgüzar görüşlər üçün xüsusi zona ayrılacaq. Platformanın artıq istifadəyə verildiyi və yaxın günlərdə qeydiyyat linkinin paylaşılacağı bildirilib.
O əlavə edib ki, PSF 2026 mükafatı da təsis olunub və bu təşəbbüs ticarət maliyyələşdirilməsi, ixrac kreditləşdirilməsi və özəl sektorun inkişafı sahəsində nailiyyətlərin qiymətləndirilməsinə yönəlib. Hər təşkilat üzrə 2 mükafat olmaqla ICF, ICD və ITFC istiqamətləri üzrə seçim aparılacaq. Qiymətləndirmə müstəqil münsiflər və daxili ekspertlər tərəfindən həyata keçiriləcək.
Startap ekosisteminin inkişafı çərçivəsində AZPROMO və COPIA ilə əməkdaşlıqda ICDB Qrupunun 5-ci innovasiya və startap müsabiqəsi də keçiriləcək. Müsabiqə fintex və kibertəhlükəsizlik, dayanıqlı inkişaf, aqrotexnologiyalar və ərzaq təhlükəsizliyi, eləcə də insan inkişafı və sosial xidmətlər istiqamətlərini əhatə edəcək.
Təşkilatçıların məlumatına görə, tədbirdə 300-dən çox startap, 35-dən artıq inkubator, akselerator və vençur fondunun iştirakı gözlənilir. Nəticədə 9 qalib seçiləcək və onlara inkişaf mərhələsində dəstək göstəriləcək.
Azərbaycandan artıq 200–250 layihə müsabiqəyə qəbul edilib. Eyni zamanda tədbir üçün xüsusi marketinq və kommunikasiya planı hazırlanıb.