
Geri qaytarılan ƏDV-nin məbləği 81,2% ARTIB
2020-ci ilin may ayından bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
"Fins.az" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Məlumata görə, vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində, 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur.
Müəllif: Aynur Qəniyeva