
“EKOL Mühəndislik Xidmətləri”nin maliyyə göstəriciləri: zərərdən gəlirə keçid
Fins.az - “EKOL Mühəndislik Xidmətləri” QSC 2025-ci ili 6,83 milyon manat xalis mənfəətlə tamamlayıb. Halbuki şirkət 2024-cü ili 5,677 milyon manat xalis zərərlə başa vurmuşdu.
Maliyyə hesabatına əsasən, ötən il şirkətin əməliyyat gəlirləri 33,439 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,3% azalma deməkdir. Bununla yanaşı, əməliyyat xərcləri 21,348 milyon manata düşərək 21,5% azalıb.
İnzibati və digər əməliyyat xərcləri 8,436 milyon manat (31,7% azalma), faiz xərcləri 571 min manat (2,7 dəfə azalma) təşkil edib. Xalis məzənnə zərəri isə 23 min manat olub ki, bu da illik müqayisədə 34,3% azdır.
Eyni zamanda, şirkətin digər xalis gəlirləri kəskin artaraq 6,264 milyon manata çatıb və bu göstərici 7,7 dəfə yüksəlib. Mənfəət vergisi üzrə ödənişlər isə 2,495 milyon manat təşkil edib.
2026-cı il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 36,857 milyon manat olub ki, bu da illik müqayisədə 1,6% artım deməkdir. Hesabat dövründə öhdəliklər 26,1% azalaraq 20,915 milyon manata enib, balans kapitalı isə 99,6% artaraq 15,942 milyon manata yüksəlib.
Qeyd edək ki, şirkət 2006-cı ildə təsis edilib və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərir. Onun xidmətlərinə sənaye və məişət tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və ekoloji qiymətləndirmə işləri daxildir.