
EIA dünya üzrə xam neft hasilatı proqnozunu yeniləyib
Qlobal xam neft hasilatının 2026-cı ildə azalacağı proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası tərəfindən yayımlanan “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında bildirilib.
Məlumata görə, 2026-cı ildə dünyada xam neft hasilatı gündəlik 3,97 milyon barel azalaraq 78,89 milyon bareldən 74,92 milyon barelə düşəcək.
EIA-nın rüblük proqnozlarına əsasən, 2026-cı ilin birinci rübündə qlobal xam neft hasilatı gündəlik 77,06 milyon barel, ikinci rübdə 70,05 milyon barel, üçüncü rübdə 73,81 milyon barel, dördüncü rübdə isə 78,74 milyon barel olacaq.
Hesabatda qeyd olunur ki, 2027-ci ildə qlobal xam neft hasilatının yenidən artaraq gündəlik 80,82 milyon barel səviyyəsinə çatacağı gözlənilir.
Qurumun proqnozuna görə, 2027-ci ilin birinci rübündə hasilat gündəlik 80,17 milyon barel, ikinci rübdə 80,27 milyon barel, üçüncü rübdə 80,94 milyon barel, dördüncü rübdə isə 81,87 milyon barel təşkil edəcək.