
EIA Azərbaycanın gündəlik neft hasilatı üzrə yeni proqnozunu açıqlayıb
Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026 və 2027-ci illərdə orta hesabla sutkada 0,54 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozunda bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci il üzrə qiymətləndirilən sutkalıq 0,57 milyon barel hasilatla müqayisədə daha aşağı olacaq.
EIA-nın rüblər üzrə proqnozuna əsasən, Azərbaycanda maye karbohidrogen hasilatı 2025-ci ilin birinci və ikinci rüblərində sutkada 0,57 milyon barel səviyyəsində qiymətləndirilir. Göstəricinin ilin üçüncü və dördüncü rüblərində isə sutkada 0,56 milyon barelə enəcəyi gözlənilir.
Hesabata əsasən, 2026-cı ildə hasilatın birinci rübdə orta hesabla günə 0,55 milyon barel olacağı, ikinci rübdə günə 0,54 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə günə 0,53 milyon barelədək azalacağı proqnozlaşdırılır.
EIA qeyd edir ki, oxşar dinamika 2027-ci ildə də davam edəcək. Belə ki, hasilatın birinci rübdə sutkada 0,55 milyon barel, ikinci rübdə günə 0,54 milyon barel, ilin ikinci yarısında isə günə 0,53 milyon barel səviyyəsində olacağı gözlənilir. Bu isə illik orta göstəricinin sutkada 0,54 milyon barel təşkil etməsinə səbəb olacaq.