
Çin Rusiya noxudunun əsas ixrac bazarı olaraq qalır
Fins.az - Çin Rusiya noxudunun əsas ixrac bazarı mövqeyini qoruyur. 2025-ci ilin iyul ayından 2026-cı ilin mart ayının ortalarınadək Rusiya Çinə 1,1 milyon ton noxud ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur və cari mövsümdə Rusiyanın ümumi noxud ixracının təxminən 76 faizini təşkil edir.
Məlumata görə, 2024/25 kənd təsərrüfatı ilində Çinə 710 min ton, rekord hesab olunan 2023/24 mövsümündə isə 1,1 milyon ton noxud tədarük edilib. Bu isə Rusiyanın Çin bazarında əsas təchizatçı mövqeyini möhkəmləndirir.
2026-cı ilin ilk iki ayında Çin ümumilikdə 184 min ton noxud idxal edib. Bunun 138 min tonu və ya 75 faizi Rusiyanın payına düşür. Ənənəvi əsas ixracatçılardan biri olan Kanada isə bu dövrdə cəmi 14 min ton noxud tədarük edib və yanvar ayında ümumiyyətlə ixrac həyata keçirməyib.
Mütəxəssislər hesab edirlər ki, Kanadanın zəif göstəriciləri əvvəlki müqavilələrin icrası ilə bağlı olub və bu vəziyyət Rusiyanın Çin bazarındakı üstünlüyünü daha da gücləndirib.