
Çexiya qaz tələbatının 40%-ni ABŞ və Azərbaycan hesabına ödəməyi planlaşdırır
Fins.az - Çexiya ABŞ və Azərbaycandan qaz tədarükü hesabına daxili tələbatının təxminən 40 faizini qarşılamağı planlaşdırır.
Bu barədə ölkənin sənaye və ticarət naziri Karel Havliçek bildirib. Onun sözlərinə görə, ABŞ ilə 1 milyard kubmetr, Azərbaycanla isə təxminən iki dəfə artıq həcmdə qaz tədarükü ilə bağlı razılıq əldə olunub. Bu həcmlərin növbəti üç il ərzində Çexiyanın qaz istehlakının əhəmiyyətli hissəsini ödəyəcəyi gözlənilir.
Nazir qeyd edib ki, Azərbaycanla aparılan danışıqlar enerji təhlükəsizliyinin gücləndirilməsi və Çexiya biznesi üçün yeni imkanların yaradılmasına yönəlib. O, həmçinin Azərbaycan qazına Avropa və dünya bazarlarında yüksək tələbatın olduğunu vurğulayıb.
Bildirilib ki, Çexiya gələcəkdə Azərbaycanla ildə 2 milyard kubmetr qazın alınmasına dair uzunmüddətli müqavilə bağlamağa çalışır. Bu tədarükün 2028–2029-cu illərdə başlaması mümkün hesab olunur.