Cənub Qaz Dəhlizi Avropanın əsas enerji marşrutlarından biri olaraq qalır - CIMIC ENRIC

Cənub Qaz Dəhlizi Avropanın əsas enerji marşrutlarından biri olaraq qalır - CIMIC ENRIC

BİZNES
115

Alternativ qaz nəqli üsullarının inkişafı və ənənəvi boru kəməri infrastrukturunun paralel genişləndirilməsi Azərbaycanın Avrasiyanın enerji logistikasında rolunu daha da gücləndirə bilər.

Fins.az xəbər verir ki, bu barədə CIMIC ENRIC şirkətinin MDB ölkələri bazarlarında satışlar üzrə meneceri Veysuan Çen Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyada bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi artıq Avropaya təbii qaz tədarükünün əsas marşrutlarından biri kimi çıxış edir və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır.

Veysuan Çen qeyd edib ki, qaz dəhlizi hər il böyük həcmdə təbii qazın Avropa ölkələrinə uzun məsafələr üzrə nəqlini təmin etsə də, boru kəməri infrastrukturu əhatə baxımından müəyyən məhdudiyyətlərə malikdir.

Onun sözlərinə görə, tədarükün səmərəliliyinin artırılması üçün magistral xətlərdən kənarda qalan regionlara qazın çatdırılmasını təmin edə biləcək alternativ nəqliyyat həllərinin inkişafı vacibdir.

O, “son kilometr” probleminə diqqət çəkərək bildirib ki, boru kəmərlərinin olmadığı ərazilərdə qazın daha aşağı xərclərlə daşınmasını təmin edən səyyar həllər tətbiq oluna bilər.

CIMIC ENRIC nümayəndəsi qeyd edib ki, Asiya və Avropa arasında artan logistika marşrutları Azərbaycanın coğrafi mövqeyini beynəlxalq enerji tədarükü baxımından daha da strateji edir.

Onun sözlərinə görə, gələcəkdə qaz nəqli yalnız boru kəmərləri ilə məhdudlaşmayacaq, müxtəlif çatdırılma üsullarının kombinasiyası enerji əməkdaşlığını genişləndirəcək və tədarük səmərəliliyini artıracaq.

Veysuan Çen əlavə edib ki, yeni texnologiyalar mövcud infrastrukturla yanaşı inkişaf edərək Avrasiya ölkələri arasında enerji əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cənub Qaz Dəhlizi Avropanın əsas enerji marşrutlarından biri olaraq qalır - CIMIC ENRIC — Fins.az — Fins.az