
Cənub Qaz Dəhlizi Avropada enerji etibarlılığını gücləndirən yeni reallığı simvolizə edir - Serbiyanın nazir müavini
Fins.az - Cənub Qaz Dəhlizi Avropada enerji etibarlılığını gücləndirən yeni reallığı simvolizə edir.
Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft və qaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin iclasında çıxışı zamanı bildirib ki, Serbiya ilə Bolqarıstan arasındakı qaz interkonnektorunun istifadəyə verilməsi Serbiyaya ilk dəfə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqla müxtəlif mənbələrdən təbii qaz tədarükü imkanları açıb.
“Cənub Qaz Dəhlizi sadəcə infrastruktur layihəsi deyil. O, Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasında formalaşan yeni enerji reallığını təmsil edir. Serbiyanın Azərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır və əsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakı dostluq münasibətlərinə əsaslanır.”
Kokoviç əlavə edib ki, iki ölkə arasında əldə olunan əməkdaşlıq nəticələri təbii qaz, bərpa olunan enerji və yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini əhatə edən sazişlərlə təsdiqlənib. Fevralın 15-də Belqradda imzalanmış həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasının inkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrə saziş Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının konkret sübutudur.
Cənub Qaz Dəhlizi Türkiyə və Avropaya qaz tədarükünü təmin edən dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Transadriatik Boru Kəməri vasitəsilə Avropaya 56 milyard kubmetr qaz nəql olunub. Cari ilin yanvar ayında TAP ilk genişləndirmə prosesini keçirərək illik 1,2 milyard kubmetr əlavə qaz tədarükünü təmin etməyə hazır olub ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz axını təmin edəcək.
Fuad Mədətov
Fins.az