
Bu rüsumlarının məbləği azaldıldı – Qərar
Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Fins.az xəbər verir ki, layihəyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumunun məbləği 55 dollardan 25 dollara endirilir. Ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləğinin 40 dollardan 10 dollara endirilməsi təklif olunur.
Eyni zamanda dövlət rüsumunun məbləğinin vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 150 dollardan 60 dollara, nikahın qeydə alınmasına görə 40 dollardan 10 dollara, qanunla müəyyənləşdirilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə 10 dollardan 5 dollara, adın, soyadın, ata adının dəyişdirilməsinə görə 50 dollardan 20 dollara, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 40 dollardan 10 dollara, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə 20 dollardan 10 dollara, xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə 30 dollardan 10 dollara, sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün) 25 dollardan 10 dollara, xarici ölkədə sənədlərin leqallaşdırılmasına görə 50 dollardan 10 dollara, Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə 50 dollardan 20 dollara endirilməsi təklif olunur.