
BTC kəməri ilə neft nəqli və xərclər açıqlanıb
Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri üzrə əsaslı xərclər 2026-cı ilin birinci rübündə 28 milyon dollar təşkil edib və bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə artım nümayiş etdirib.
Fins.az-ın bp şirkətinə istinadən verdiyi məlumata görə, eyni dövrdə BTC kəməri üzrə əməliyyat xərclərində isə azalma qeydə alınıb. Belə ki, əməliyyat xərcləri bir il əvvəlki 32 milyon dollardan 30 milyon dollara düşüb və bu da 6,25% azalma deməkdir.
Məlumatda bildirilir ki, 2006-cı ilin iyun ayında istismara verilən Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə 2026-cı ilin birinci rübünün sonunadək ümumilikdə 4,7 milyard bareldən çox neft, təxminən 626 milyon ton həcmində nəql edilib.
“BTC Ko”nun səhmdar strukturu isə bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətlərindən ibarətdir.