BTC ilə indiyədək 556 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

BTC ilə indiyədək 556 milyon tona yaxın Azərbaycan nefti nəql olunub

BİZNES
168

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən bu günə qədər kəmərlə təqribən 556 milyon ton Azərbaycan mənşəli neft nəql edilib.

Fins.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün BTC neft ixracı boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsinin 21-ci ildönümü tamam olur.

Məlumata əsasən, BTC kəməri Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynamaqda davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan tranzit neftinin həcmi 8 milyon 389,5 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 925,2 min ton və ya 9,9% azdır.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında BTC vasitəsilə 9 milyon 314,7 min ton neft nəql olunmuşdu.

Hesabat dövründə ölkə üzrə ümumi neft nəqletməsinin 77,0%-i məhz BTC kəmərinin payına düşüb. Kəmərlə daşınan neftin 82,4%-ni və ya 6 milyon 914,3 min tonunu Azərbaycanda hasil olunan neft təşkil edib. Qalan 17,6% və ya 1 milyon 475,2 min ton isə Türkmənistan və Qazaxıstandan daxil olan neftin payına düşüb.

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri əsasən Azəri–Çıraq–Günəşli yatağından hasil olunan nefti və Şahdəniz yatağından əldə edilən kondensatı dünya bazarlarına nəql edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BTC ilə indiyədək 556 milyon tona yaxın Azərbaycan nefti nəql olunub — Fins.az — Fins.az