
bp: Xəzər regionunda layihələr uzunmüddətli texnoloji və infrastruktur baza formalaşdırır
Fins.az - bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geoloji kəşfiyyat üzrə vitse-prezidenti Den Sparks Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, Xəzər hövzəsində həyata keçirilən layihələr uzunmüddətli infrastruktur və texnoloji baza yaradır.
Onun sözlərinə görə, bu layihələr yalnız hasilat prosesinin təmin olunmasına xidmət etmir, eyni zamanda regionda mühəndislik, istehsal və insan kapitalının inkişafına ciddi töhfə verir.
D. Sparks xüsusilə “Qarabağ” layihəsini qeyd edərək bildirib ki, bu layihə Xəzər regionunda sualtı modulların (subsea bundles) istehsalı üzrə dünyada ikinci belə kompleksin yaradılmasını nəzərdə tutur. Bu modullar bir neçə boru xəttini və kommunikasiya sistemlərini vahid blokda birləşdirərək, onların daha səmərəli şəkildə daşınmasına və quraşdırılmasına imkan verir.
Onun sözlərinə görə, bu texnologiya ənənəvi dəniz tikinti və quraşdırma proseslərindən fərqli olaraq daha çevik və operativ icra imkanı yaradır, eyni zamanda iri xüsusi gəmilərə olan ehtiyacı azaldır.
bp rəsmisi həmçinin qeyd edib ki, Xəzər regionunda seysmik tədqiqatlar və məlumat analizi üzrə yeni metodların tətbiqi genişlənir. Bu isə yataqların daha dəqiq modelləşdirilməsinə və yeni ehtiyatların aşkarlanmasına şərait yaradır.