
bp “Şahdəniz”də 2,9 milyard dollarlıq layihəni açıqlayıb
“Şahdəniz” yatağı regionun enerji təhlükəsizliyinin əsas elementlərindən biri olaraq qalır və gələcək investisiyalarla yeni texnologiyaların tətbiqi onun uzunmüddətli perspektivdə səmərəli işlənməsini təmin edəcək.
Fins.az xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları” adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu, biznes üçün əlverişli mühiti və yüksək insan kapitalı ilə qarşıdakı onilliklərdə qlobal enerji mərkəzi kimi mövqeyini gücləndirə bilər.
C.Kristofoli bildirib ki, “Şahdəniz” yatağı Azərbaycanın enerji sektorunun potensialının mühüm nümunəsidir və 28 trilyon kub fut qaz ehtiyatı ilə regionun enerji təhlükəsizliyinin təməlini təşkil edir. Onun sözlərinə görə, bu həcm Böyük Britaniyanın qaz tələbatını təxminən 10 il ərzində qarşılamağa kifayət edə bilər.
bp rəsmisi əlavə edib ki, şirkət yatağın işlənmə səmərəliliyini artırmaq üçün investisiyaları davam etdirir. Bu çərçivədə yeni quyuların qazılması və kompressor kompleksinin yaradılması üçün 2,9 milyard dollar sərmayə yatırılır.
Onun sözlərinə görə, tam elektrikləşdiriləcək bu kompleks Xəzərdə bu səviyyədə ilk texnoloji qurğu olacaq.
C.Kristofoli həmçinin qeyd edib ki, “Şahdəniz”də tətbiq olunan yeni texnologiyalar hasilat prosesində daha dəqiq təzyiq nəzarətinə imkan yaradır və bu, yatağın resurs potensialının daha səmərəli istifadəsinə xidmət edir.