
bp Şahdəniz 2 üzrə bu ilin I rüb göstəricilərini açıqlayıb
Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi (Shah Deniz 2) çərçivəsində ümumilikdə 23 quyu qazılıb və tamamlanıb.
Fins.az-ın bp-yə istinadən xəbər verir ki, bu quyulara yatağın şimal cinahında 5, qərb cinahında 5, şərq-cənub cinahında 4, qərb-cənub cinahında 5 və şərq-şimal cinahında 4 quyu daxildir.
2026-cı ilin birinci rübündə “Şahdəniz Alfa” platforması SDA09 və SDA07 quyularında əlavə perforasiya işlərini tamamlayıb.
Eyni zamanda, İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə əməliyyatları davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərini yerinə yetirib, ardınca həmin quyuda tamamlama işlərini həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib.
Şahdəniz yatağında iştirak payları bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%) şirkətləri arasında bölünüb.