
Böyük Qayıdış mənzil bazarındakı yükü əhəmiyyətli şəkildə azaldır -Mikayıl Cabbarov
Mikayıl Cabbarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə əhalinin mərhələli şəkildə geri dönüşünün ölkədə mənzil təminatı üzərindəki yükün azalmasına əhəmiyyətli təsir göstərdiyini bildirib.
Fins.az xəbər verir ki, nazir bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası” mövzusunda tədbirdə səsləndirib.
Onun sözlərinə görə, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib, şəhərsalma normalarına uyğun olan bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq olunub.
Mikayıl Cabbarov qeyd edib ki, qanunsuz tikililərin leqallaşdırılması müəyyən sosial problemlərin həllinə töhfə versə də, uzunmüddətli perspektivdə yeni çağırışlar yarada bilər. Onun sözlərinə görə, bu səbəbdən leqallaşdırma prosesinə balanslı yanaşma vacibdir.
Nazir bildirib ki, icazəsiz tikililərə geniş amnistiya verilməsi qısamüddətli sosial ehtiyacları qarşılasa da, gələcəkdə qanunsuz tikintilərin artmasına stimul yarada bilər. Bu isə torpaq istifadəsinə nəzarətin zəifləməsi və kənd təsərrüfatı torpaqları, meşə sahələri, su ehtiyatları və strateji infrastruktur zonalarına təzyiq kimi risklər formalaşdıra bilər.
O əlavə edib ki, Sovet dövründə qeyri-rəsmi yaşayış məntəqələri müəyyən dərəcədə mövcud olsa da, dövlət tərəfindən tanınmırdı. Daha sonra isə bu proses ölkənin üzləşdiyi miqrasiya və sosial çağırışlarla paralel şəkildə inkişaf edib.
Nazirin sözlərinə görə, 1990-cı illərdə sosial miqrasiya, qaçqın və məcburi köçkünlərin artması, həmçinin demoqrafik dəyişikliklər ölkədə ciddi sosial-iqtisadi təzyiqlər yaradıb. O vurğulayıb ki, həmin dövrdə hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi və bu, mənzil təminatına əlavə yük formalaşdırıb.
Mikayıl Cabbarov bildirib ki, 2003-cü ildən etibarən iqtisadi sabitləşmə mərhələsi başlayıb, çadır düşərgələri ləğv edilib və qeyri-rəsmi yaşayış məntəqələri üzrə problemlərin həlli istiqamətində addımlar atılıb. 2003–2020-ci illər inkişaf mərhələsi kimi xarakterizə edilib, 2020-ci ildən isə Böyük Qayıdış prosesi başlayıb.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilir və bu proses mənzil təminatı sahəsində tarazlığın formalaşmasına töhfə verir.
O sonda bildirib ki, problemlərin düzgün müəyyənləşdirilməsi, kompleks yanaşma və siyasi-iqtisadi həll yollarının tətbiqi əsas prioritetdir.
Qeyd edək ki, WUF13 çərçivəsində 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və forum mayın 22-dək davam edəcək.