
Beynəlxalq Xalça Festivalı çərçivəsində inklüziv sərgi keçiriləcək
Fins.az - DanceAbility Azərbaycan “Nənəmin Xalçası” adlı inklüziv multidissiplinar sərgini Beynəlxalq Xalça Festivalı çərçivəsində təqdim edəcəkdir. Sərgi 2 - 3 may 2026-cı il tarixlərində İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində (Qüllə küçəsi 15) keçiriləcək.
Xəbər verir ki, tədbir rəqəmsal performans, hekayə təqdimatı, vörkşop və panel müzakirələrini birləşdirən inklüziv sərgidir.
Məlumata görə, tədbir Azərbaycan və ingilis dillərində keçiriləcək. “Nənəmin Xalçası” sərgisinin əsas sponsoru bp şirkətidir.
Ziyarətçilər Azərbaycan xalça irsini müxtəlif bədii və interaktiv formatda tanımağa və bu prosesdə iştirak etməyə dəvət olunur. Hər bir xalça naxışı unikal olduğu kimi, hər bir insan da fərqlidir; dünyanı özünəməxsus şəkildə hiss edir, anlayır və ifadə edir.
Bu tədbir fərqliliklərin insanları ayırmamasına, əksinə bir araya gətirməsinə diqqət çəkir.
Xalçalar yalnız tarixi obyekt kimi deyil, eyni zamanda Azərbaycan mədəni irsinin və kimliyinin ayrılmaz hissəsi kimi təqdim olunur. Müxtəlif bölgələrdən toplanan şəxsi hekayələr sərginin bir hissəsinə çevrilərək bu irsin canlı və insanlarla bağlı tərəfini ön plana çıxarır. Bu hekayələr sərgi çərçivəsində müxtəlif formatlarda paylaşılır və canlandırılır. Proqram həmçinin təqdim olunan fəaliyyətlər vasitəsilə sənətçilər, xalça toxucuları və ziyarətçilər arasında dialoq, öyrənmə və fikir mübadiləsi üçün imkan yaradır. Rəqəmsal performans bu qarşılıqlı ünsiyyət ideyasını bədii şəkildə ifadə edir: toxuculuq prosesi hərəkətə çevrilir, performansçılar xalçanın sapları kimi bir-birinə bağlanaraq insan əlaqəsini əks etdirirlər. Əlçatanlıq isə bu tədbirin əsas prinsiplərindən biridir: işarət dili tərcüməsi, audio təsvir və insan mərkəzli dizayn həllərini əhatə edir. Bu yanaşma 2017-ci ildən “DanceAbility Azərbaycan” tərəfindən həyata keçirilən fəaliyyətlərin əsasını təşkil edir.
Tədbirin adı “DanceAbility Azərbaycan” şirkətinin rəhbəri Nigar Sultanovanın şəxsi hekayəsinə əsaslanır və ulu nənədən nənəsi Səltənət Məmmədovaya ötürülən, ailə yaddaşının ayrılmaz hissəsinə çevrilmiş xalça ilə bağlı xatirələrdən ilhamlanıb. Şirkətin yaradıcı heyəti - Qəndaf Əkbərli, Zərifə Babayeva, Fidan Piriyeva, Fərid Ociyev, Kamran Zeynallı, Bəşir Şahmuradov, Ramin Farzullayev və Asif Əliyev, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən sənətçilər Konstan Vije və Hadi Rahmani ilə əməkdaşlıq nəticəsində bu konsepsiya ümumi bir baxışa çevrilib. Bu ideya əsasında hazırlıq prosesi dörd ay davam edib və onun həyata keçirilməsi üçün əlilliyi olan və olmayan 40-dan çox sənətçi, xalça toxucuları və texniki heyət bir araya gəlib. DanceAbility Azərbaycan ilə “Azərxalça” ASC arasında qurulan əməkdaşlıq çərçivəsində qurumun direktoru Emin Məmmədov, həmçinin Əsmər Babayeva və Nigar İsmayılzadə bu prosesə töhfə veriblər.
2017-ci ildə Nigar Sultanova tərəfindən təsis edilən “DanceAbility Azərbaycan” şirkəti əlilliyi olan və olmayan insanları bir araya gətirərək inklüziv icmaların formalaşmasına töhfə verir. Şirkət incəsənət, idman və təhsil proqramları vasitəsilə cəmiyyətdə bərabər iştirak imkanlarını təşviq edir və hər kəsin özünü bu cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etməsi üçün şərait yaradır.
Beynəlxalq Xalça Festivalı “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilir.
