Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu keçirilir

Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu keçirilir

BİZNES
210

Bakıda “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

Fins.az xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə əsas sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” sahə iştirakçılarını bir araya gətirən ilin mühüm biznes hadisələri hesab olunur.

Sərgilərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir və nazirlik öz stendi ilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr, innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat təqdim edir.

Tədbirlər həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), KOBİA, AZPROMO, ASK, AQİSA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və ASTA tərəfindən dəstəklənir.

Məlumata əsasən, sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiqləyib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Türkiyə, Yaponiya və digər ölkələri əhatə edir.

Bu il ilk dəfə olaraq AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və Afrika ölkələrindən bir sıra şirkətlər bu platformada təmsil olunacaq. Braziliya da sərgilərə ilk dəfə qatılan ölkələr sırasındadır.

2026-cı ildə “InterFood Azerbaijan” sərgisi ilk dəfə vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçiriləcək və bu yanaşma ziyarətçilərin bütün qida sənayesi məhsullarını bir məkanda daha rahat izləməsinə imkan yaradacaq.

“Caspian Agro Week” kənd təsərrüfatı texnikası, innovativ aqrotexnologiyalar, heyvandarlıq, suvarma sistemləri, logistika, “Smart Agro” və süni intellekt əsaslı həllər kimi geniş sahələri əhatə edir. “InterFood Azerbaijan” isə qida sənayesi, içkilər, süd və qənnadı məhsulları, halal qida, qablaşdırma və qida texnologiyalarını təqdim edir.

Sərgilər çərçivəsində “Hosted Buyer” proqramı da tətbiq olunacaq və Rusiya, Avropa və region ölkələrindən iri pərakəndə şəbəkələr və alıcılar bu platformada iştirak edəcək.

Eyni zamanda tədbir çərçivəsində 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığorta Forumu, AGROSCIENCE Forumu və 5-ci Aqrobiznesin İnkişafı Forumu kimi bir sıra beynəlxalq tədbirlər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu keçirilir — Fins.az — Fins.az